Azərbaycanlı həkim dünyanın altı nevroloqundan biri seçildi

Danimarkada Lundbek Fondu dünyanın aparıcı altı neyrobioloquna ümumilikdə 232 milyon Danimarka kronu (30 milyon avro) qrant ayırıb. Onların arasında azərbaycanlı Məsud Aşina da var. Bu mükafat altı alim arasında müvafiq olaraq bölünəcək.

Fondun qrant ayırmaqdakı əsas məqsədini beynin ən mürəkkəb orqan olması ilə izah edib.

“Beyin bizim ətraf mühitlə olan münasibətlərimizi tənzimləyir, həmçinin, psixoloji kimliyimizin mərkəzidir”, - deyə Lundbek Fondunun araşdırmalar üzrə direktoru Yan Eqebyerq bildirib.

Qeyd edək ki, Məsud Aşina Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktorudur.

Onun tədqiqatının bir hissəsi miqren üçün yeni müalicə üsullarını təyin etməyə, həmçinin, baş ağrısı tutmalarını tətikləyən prosesləri izləməyə, xəstələrdə miqren meydana gətirən səbəbləri müəyyən etməyə yönəlib. 

Məsud Aşina 1965-ci ildə Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1988-ci ildə oranı bitirdikdən sonra təcili yardım üçün internatura keçib və 1989-cu ildə 16 yaşı olan qardaşı Səidlə birlikdə Danimarkaya mühacirət edib.

Kopenhagendə təkrarlanan bir il yarımlıq təcrübədən sonra Məsud Aşina həyatının növbəti beş ilində elmlə yaxından məşğul olub. Nəticədə 2000-ci ildə namizədlik dissertasiyası müdafiə edib və 2003-cü ildə doktorluq dərəcəsini alıb.

2006-cı ildə Kopenhagen Universitetində nevrologiya kafedrasının dosenti olub və universitet klinikasında işləməyə başlayıb. 2014-cü ildə Danimarka Milli Xəstəxanasında və Kopenhagen Universitetində Nevrologiya professoru adını alıb.

2017-ci ildə Beynəlxalq Baş Ağrısı Cəmiyyətinin (International Headache Society) növbəti prezidenti seçilib. “Migrenin patofiziologiyası” kitabının və beynəlxalq tibbi nəşrlərdə baş ağrısı və miqrenlərə dair 400-dən çox məqalənin müəllifidir.