Moskva NATO-nu parçalamağa çalışır - ŞƏRH

Rusiya bu qurum daxilində ixtilaf salmaqla onu zəiflətməyə səy göstərir



“NATO və Rusiya arasında dialoq baş tutsa da, münasibətlər gərgin olaraq qalır”



“Moskva NATO ilə əməkdaşlığa hazırdır, amma münasibətlər hər il pisləşir”. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib. Nazir bildirib ki, 5 il əvvəl Brüssellə olduqca aktiv əməkdaşlıq var idi: “Müqavilələrin həyata keçirilməsində daha da irəliyə gedilməsi ilə bağlı alternativlərin olduğunu düşünürdük. Təəssüf ki, bunlar hər il getdikcə pozulur. Bizim tərəfimizdən bütün qapılar açıqdır, biz əməkdaşlığa hazırıq”.

NATO-nun baş katibi Yens Stoltenberq də öz növbəsində bildirib ki, hərbi alyans Moskvanı düşməni və ya rəqibi hesab etmir: “Rusiyanı düşmənimiz saymırıq. Biz ümumiyyətlə dünyanı dostlarımız və düşmənlərimiz deyə bölmürük. Çalışırıq ki, Moskva ilə münasibətləri yaxşılaşdıraq. Rusiya artıq soyuq müharibə zamanında olan SSRİ deyil”. Bəzi ekspertlərin fikrincə, tərəfləri təmsil edən rəsmilərin nisbətən pozitiv açıqlamaları NATO-Rusiya əlaqələrini normallaşdıra bilər. Ancaq əksər analitikə görə, açıqlamalar zərurətdən irəli gələn formal bəyanatlardır. Əslində pərdə arxasında rəqib qütblərin mübarizəsi hələ uzun müddət davam edəcək. 

Məsələni “Şərq”ə təhlil edən “Qafqaz” Strateji Araşdırmalar və Beynəlxalq Münasibətlər Mərkəzinin eksperti Kamran Sultanlı deyib ki, NATO ilə Rusiya arasında bir-birinə inam muhiti yoxdur. Siyasi şərhçinin sözlərinə görə, NATO Rusiya sərhədlərində genişlənir, Moskva isə hərbi təşkilatı parçalamağa çalışır. Ən azı qurum daxilində ixtilaf salmaqla zəiflətməyə səy göstərir:

“Ancaq tərəflər arasında dialoq var və hər iki qlobal güclərin rəsmiləri Bakıda tez-tez görüşürlər. Bu, həm də ölkəmizin geosiyasi önəmindən və hər iki tərəflə müsbət əlaqələrindən xəbər verir. NATO-nun avropalı liderləri – Fransa və Almaniya Rusiya ilə əlaqələri gücləndirmək niyyətindədir. Fransa artıq ABŞ-a güvənmək istəmir. Xüsusilə Trampın hakimiyyətə gəlişindən sonra Transatlantik əlaqələrdə baş verən gərginlik, Avropa dövlətlərinin Amerikaya olan etibarını xeyli azaldıb. Fransa Prezidenti E.Makron son dövrlər Rusiya ilə mülayim ritorikaya üstünlük verir. Əslində Donald Tramp da Rusiyanı Çindən ayırmaq və onunla yaxınlaşmaq marağındadır. Ancaq Amerikada Trampa qarşı olan cəbhə, xüsusilə Demokratlar buna qarşı çıxırlar. Bu baxımdan Amerikadakı bürokratik böhran Rusiya ilə əlaqələrin normallaşmasına mane olur”. 

Politoloqun sözlərinə görə, Rusiyanın hərbi imkanlarının genişlənməsi və siyasi aktivliyinin artması NATO liderlərini narahat edir:

“Rusiya Türkiyə cəbhəsindən hərbi alyansa təsir etməyə və Ankaranı Qərbdən ayırmağa çalışır. Hələlik Qərb liderləri arasında fikir ayrılıqları konsensusa gəlməyə mane olur. Bu çərçivədə NATO və Rusiya arasında dialoq baş tutsa da, münasibətlər gərgin olaraq qalır. Əslində Rusiyanın özü də Çinin güclənməsində maraqlı deyil. Ona görə də gələcəkdə Rusiya ilə Qərbin anlaşması mümkündür. Lakin Rusiya “müstəqil aktor kimi qəbul edilmək və daxili işlərinə qarışmamaq” şərtini irəli sürür. Hələlik NATO və Rusiya arasında əlaqələrin normallaşması gözlənilmir. Ən azı alyansın Şərqi Avropadakı üzvləri Rusiyanı daha ciddi təhdid qəbul edir və Alyansdan preventiv addımlar gözləyirlər”.