Ekspert: “Ölkədə mətbuat üçün qapalı müəssisə qalmamalıdır”

“Açıq cəmiyyət qurmaq istəyiriksə, ölkədə mətbuat üçün qapalı müəssisə qalmamalıdır”.  Bunu Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib. 

Jurnalist vurğulayıb ki, son vaxtlar aparılan islahatlar da bu siyasətə xidmət edir: 

“Məhkəmə sistemi də yeni çağırışlara cavab verməlidir. Təəssüf ki, məhkəmələrin imicinin müsbət olduğunu söyləmək üçün əlimizdə ciddi əsaslar yoxdur. Sifarişli hökmlər bütövlükdə məhkəmə sisteminə olan inamı sarsıdıb. Hesab edirəm ki, islahat dalğası məhkəmələrdən də yan keçməməlidir. Əhalinin ədalətli məhkəmələrə olan inamı bərpa edilməlidir. Müstəqil məhkəmə sistemi insan hüquq və azadlıqlarının bir nömrəli təminatçısıdır. Mətbuatın məhkəmə proseslərinə xüsusi maraq göstərdiyini söyləyə bilmərik. Bu məsələdə sensasiya axtarışı ön plana keçib. Mətbuatı daha çox səsli-küylü, qalmaqallı proseslər maraqlandırır. İP uğrunda mübarizə burda da öz mənfi təsirini göstərir. Məhkəmələr kifayət qədər spesifik struktur olduğu üçün media onun fəaliyyətinə həssas yanaşmalıdır”.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda görüş keçirilib. Nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aynur Sabitova çıxışında deyib ki, Azərbaycanda ilk dəfə məhkəmə aparatında spiker hakimlər mətbuat xidməti kimi fəaliyyətə başlayacaq: “Artıq bu barədə Məhkəmə-Hüquq Şurası qərar qəbul edib”.