Jurnalistlərin ən çox həbs edildiyi ölkələrin siyahısı açıqlanıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York ştatında yerləşən Beynəlxalq Jurnalistika Təşkilatının Jurnalistləri Müdafiə Komitəsi, həbs olunan jurnalistlərin 2019-cu il üçün statistikasını açıqlayıb. Statistikada dünya üzrə 250 nəfər jurnalistin müxtəlif səbəblərdən həbs olunduğu qeyd olunur.

 Statistikaya əsasən, Çin Xalq Respublikası (ÇXR) ən çox jurnalist həbs edən ölkə olaraq ilk pillədə qərarlaşıb. Belə ki, ÇXR 48 jurnalisti azadlıqdan məhrum edib. 47 nəfər jurnalisti azadlıqdan məhrum edən Türkiyə Cümhuriyyəti isə ikinci pillədə qərarlaşıb. 

Hesabata görə, Yaxın Şərqdə də həbs olunan jurnalistlərin sayında artım qeydə alınıb. Xüsusilə Səudiyyə Ərəbistanında dəmir barmaqlıqlar arxasında olan mətbuat nümayəndələrinin sayı artıb. 26 jurnalistə məhbus həyatı yaşadan Ər-Riyad, bu nəticə ilə Misir Ərəb Respublikası ilə birgə 3-cü yeri bölüşüb.

Vyetnam və İran İslam Respublikası isə müvafiq olaraq 4 və 5-ci pillələri bölüşüb.

Qeyd edək ki, Jurnalistləri Müdafiə Komitəsinin hesabatına, 2019-cu ilin 1 dekabr tarixindən qeydə alınan məhbus jurnalistlər daxil edilib. Siyahıyaalmaya son 5 il ərzində həbs edilmiş və azadlığa çıxmış jurnalistlər daxil edilməyib.