“Qarabağ” avrokubokda mövsümün son matçına çıxır

Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirəcək. Oxu.Az xəbər verir ki, Ağdam klubu sonuncu turda Lüksemburq “Düdelanj”ı ilə görüşəcək.

Klubumuzun yer aldığı E qrupunda İspaniyanın “Sevilya” kollektivi 15 xalla birinci, Kipr APOEL-i isə yeddi xalla ikinci yeri təmin edib və bununla da pley-off mərhələsinə vəsiqə qazanıb. Buna görə Bakıdakı qarşılaşma formal xarakter daşıyır.

Komandalar arasında qrup mərhələsində baş tutan ilk görüşdə Qurban Qurbanovun yetirmələri 4:1 hesablı qələbəyə sevinmişdilər. 

Ağdam klubu qrup mərhələsində keçirdiyi beş oyundan dörd xalla üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Düdelanj” oyunu saat 21:55-də başlayacaq.

Matçın baş hakimi Estoniya Futbol Federasiyasından Kristo Tohver olacaq. 

Ona həmyerliləri Silver Koiv və Sten Klaasen kömək edəcək. Dördüncü hakim funksiyasını Yuri Frişer yerinə yetirəcək.