Dərman “terror”u davam edir: Bəzi apteklər dava-dərman deyil, zəhər satırlar

Aptek maxinasiya edərək qutuları açır və dərmanları dəyişdirir



Sosial şəbəkə istifadələrindən biri aptekdən alınan dərmanla bağlı paylaşım edib: “Salam. Mənim tanışlarım 2 gün əvvəl aptekdən bahalı dərman alıblar, barkodu yoxlayıblar, evə gələndə bir daha baxıblar ki, iynə (icində 5 toz halında, 5 su halında), su olan ampulaların kodları uyğun gəlmir. Bu dərmanlar aptekə gələndə niyə qutular açılır və dərmanlar dəyişdirilir? Şəkillərini çəkmişəm. Xahiş edirəm bunu ictimailəşdirəsiniz, kasıb-kusub görsün, dərman alanda yoxlasın. Bu dərmanı qaytarmışıq, başqa aptekdən yoxlayıb aldıq. Bu dərmanı həkim uşağı olmayan bir ailəyə yazıb, özü də od qiymətinə satılır...

Rəylər də müxtəlifdir. Vətəndaşlardan biri soruşur ki, içlik kağızında Səhiyyə Nazirliyinin təsdiq möhürü varmı? Cavab verilir ki, “xeyr, möhür yoxdur”. “Dərman mafiyası hələ ki, çox güclüdür”, “apteklər dava-dərman deyil, zəhər satırlar”, “dərman terroru davam edir”, “dərman firmalarında işləyənlərin yüksək məvacib almaları təsadüfi deyil. Maxinasiyalar hədsizdir”, yazanlar var. 
Amma vətəndaşlar həm də apteklərdən alınan dərmanların kodunu necə yoxlamalı olduqlarını da soruşur. 



Həkim bildirir ki, dərman ampulaları ilə dərman qutusunun üzərindəki barkodlar bir-birinə uyğun gəlmirsə, o preparat saxtadır


Həkim-terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında dərman ampulaları ilə dərman qutusunun üzərindəki barkodların (P) bir-birinə uyğun gəlməli olduğunu dedi:

“Amma burada fotosu verilən ampulalarla dərman qutusunun üzərindəki barkodlarda uyğunsuzluq var. Alıcı buna diqqət etməli və ehtiyatlı olmalıdır. Apteklər də hədsiz diqqətli olmalı və məsələyə ciddi yanaşmalıdırlar. Burada sadəcə, sual doğuran məqam dərmanın adının olmamasıdır. Bilinmir ki, bu nə dərmandır, təyinatı nədir? Həmçinin dərmanların içlik vərəqində Azərbaycan Səhiyyə Nazirliyinin möhürü mütləq olmalıdır. Yoxdursa, bu artıq təhlükəli haldır. Və dərmanların yoxlanmamış, Səhiyyə Nazirliyinin rəyi olmadan satışa çıxarıldığına dəlalət edir”.