Məktəb direktoru: “İbtidai təhsil daha önəmlidir” - MÜSAHİBƏ

Ruhiyyə İmanova uzaqda yaşayan şagirdi dərsə gəlsin deyə, onun nəqliyyat xərcini özü ödəyir




Hər bir dövlətin inkişafı onun əhalisinin elm, təhsil səviyyəsi ilə bağlıdır. Ona görə də dünyanın bütün ölkələrində iqtisadi inkişafın ilkin pilləsini elm və təhsildə görürlər. Son zamanlarda bu sahədə Azərbaycan da dinamik inkişaf göstərən ölkələrdən birinə çevrilib. Demək olar ki, hər il dövlət tərəfindən təhsilin mükəmməlləşdirilməsi üçün islahatlar aparılır, yeni metod və qaydalar həyata keçirilir. Təhsilin hamı üçün əlçatan olması istiqamətində əsaslı işlər görülür. 

Fikrimcə, təhsilin əsas inkişaf pilləsini orta məktəb təhsili təşkil edir. Orta məktəblərdə təhsilin inkişafını dəyərləndirmək üçün Füzuli rayon 3 saylı orta məktəbə baş çəkdim. 

Məktəbin direktoru, 16 illik müəllim fəaliyyəti ilə məşğul olan Ruhiyyə İmanova orta məktəblərdə təhsilin durumunu dəyərləndirdi. 

- Orta məktəb təhsili ibtidai sinifdən başlayır və bu mərhələ təhsilin ilkin pilləsindən biri kimi dəyərləndirilir. Sizcə, orta məktəblərimizdə verilən ibtidai təhsil müasir dövrün tələblərini ödəyirmi?

- Ölkənin təhsil sistemindən danışdıqda öncə təhsilin inkişaf səviyyəsindən danışmalıyıq. Ümumiyyətlə, təhsil daima islahatlara, inkişafa açıq olan bir sahədir. Eyni zamanda təhsil dövlətin inkişaf strategiyasında əsas prioritetlərdən biridir. Ona görə də təhsilin inkişafı elə dövlətin inkişafı deməkdir. Bu baxımdan bir xalq olaraq məktəbəqədər təhsildən tutmuş təhsilin ən son nöqtəsinə kimi daha islahatçı, yaradıcı və innovativ olmalıyıq. Hər bir vətəndaş üçün təhsil bağça pilləsindən başlasa da, fikrimcə, ibtidai təhsili daha önəmlidir. Çünki biz təhsilin pillələrini piramida kimi sadalasaq, ən böyük sahəni, təməli ibtidai sinif təhsili təşkil edir. Müəllimlər olaraq ibtidai sinifdə şagirdlərə ilkin təməl bilikləri, elmləri çatdırmaqla yanaşı, onlar arasından gələcəyin alimlərini seçirik. Direktor kimi qarşıya qoyduğum əsas məqsəd bütün şagirdlərimizi xalq, cəmiyyət, gələcək üçün daha yararlı gənc olaraq yetişdirməkdir. Fikrimcə, yaxın bir neçə ildə Azərbaycanda tədris edilən ibtidai təhsil müasir dövrün tələblərinə tam olaraq cavab verəcək. 

- İllərin müəllimi və direktor olaraq orta məktəb təhsilinin 12 illik olmasını necə dəyərləndirirsiz?

- Daim deyirik ki, təhsilimiz inkişafdadır və biz bu sahədə dünya təhsil sisteminə inteqrasiya edirik. Əgər ümumdünya çapında hədəflər seçiriksə, onda tətbiqdə də eyni cür addımlayacağıq. Məsələn, dünya təhsil sistemində ən inkişaf etmiş ölkələrdən biri olan Yeni Zellandiyada təhsil 13 illikdir. Ümumiyyətlə, bütün inkişaf etmiş ölkələrdə təhsil minimum 12 il müddətində müyyən olunur. Artıq bir neçə ildir ki, bu tendensiya Azərbaycanda da tətbiq olunmağa başlayıb. Ölkədə orta təhsil şagirdlərin beş yaşından başlayır və 17 yaşlarına qədər davam edir. Fikrimcə, şagirdlərin məktəbə beş yaşından başlaması valideynlər, müəllimlər və elə şagirdlərin özləri üçün də uğurlu bir addımdır. Bəzən elə fikirləşirlər ki, beş yaşlı şagird sadəcə oyuncaq xəyyalı şagirddir. Lakin heç də elə deyil. Beş yaşlı şagird məktəb mühitinə düşdükdə tamam fərqli olur. Onlar bu müddət ərzində dəftərə, kitaba, qələmə, müəllimə, məktəbə tam olaraq adaptasiya olur. Artıq ibtidai təhsil almağa başlayanda onlara keçilən fənləri tam olaraq mənimsəyə bilir.

- Orta məktəbdə kurikulum təhsil sisteminin tətbiq olunması necə addım idi. Və yeni təhsil sisteminə keçiddə qarşılaşdığınız  problemlər hazırda hansı səviyyədədir?

- Hər hansı bir sahədə inkişaf olduqda orada problemin olması normaldır. Desəm ki, hazırda təhsilimizdə heç bir problem yoxdur, o zaman yalan danışmış olaram. Azərbaycan müstəqillik əldə etdiyi dövrdən ölkənin təhsil sistemində problem olub. Amma bu problemlərin miqyası zaman keçdikcə kiçilir. Məsələn, Təhsil Nazirliyi tərəfindən 2008-ci ildən ölkədə kurikuluma keçid alanda bu sahədə bir çox problemlər var idi. Kurikulum təhsil sisteminə keçid aldıqda şagirdlərlə yanaşı valideynlər və müəllimlər üçün də müəyyən çətinliklər yaranmışdı. Amma zaman keçdikçə həmin çətinliklər aradan qalxdı. Əvvəllər valideynlər tərəfindən daha çox şikayətlər daxil olurdusa, indi demək olar ki, tamam əksi müşahidə edilir. Təhsildə əsas problem kimi baxılan amillərdən biri də dərs yükünün ağır olması idi. Təhsil işçiləri olaraq daim çalışırıq ki, şagirdlərin dərs yükünü azaldaq, onlara daha asan və rahat şəkildə fənləri tədris edək. Hazırda şagirdlərə əvvəki illərdəki kimi çox sayda ev tapşırığı verilmir. Artıq şagirdlər məktəbdə onlara keçilmiş olan dərslərə aid evdə araşdırmalar edir. Beləliklə də bu axtarışlar onlar üçün daha səmərəli olur. Bununla əlaqəli olaraq ötən ilin məzunlarının ali məktəblərə verdiyi qəbul imtahanlarına nəzər salsaq görərik ki, şagirdlərimiz kifayət qədər yüksək nəticələr əldə edib. Düşünürəm ki, təhsil sistemində problemlər hələ də qlobal olaraq qalsaydı, ötən ilin ilk kurikulum buraxılışlarında o cür yüksək nəticə olmazdı. 



- Son zamanlar ölkədə ali təhsilin hamıya əlçatan olması üçün müəyyən addımlar atılır. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərə qəbul imtahanları iki dəfə keçirilir, eyni zamanda ali məktəblərdə plan yerləri artırılıb. Bu kimi faktorlar orta məktəblərdə şagirdlər üçün stimul yaradırmı?

- Bütün şagirdlərimiz orta məktəbin aşağı siniflərindən öz hədəfini seçərək addımlayır. Əlbəttə ki, hər birinin hədəfi ali məktəbdə təhsil almaqdır. Son üç ildə Təhsil Nazirliyi və DİM tərəfindən atılan addımlar şagirdlərin hədəflərini əlçatan edir. Artıq şagirdlər qəbul imtahanı verməzdən əvvəl onlarda bir rahatlıq yaranır. Əvvəllər şagirdlərimizdən yüksək bal gözlədiyimiz halda onlar aşağı nəticələr əldə edir. Səbəb də stres, imtahan qorxusu idi. Lakin son üç ildə təhsilin hamıya əlçatan olması üçün ali məktəblərə qəbul imtahanlarını iki dəfə etdilər. Fikrimcə, bu çox düzgün  qərar idi. Çünki şagirdlər imtahana gedəndə iki şansının olduğunu bilir və psixoloji olaraq sağlam şəkildə imtahandan keçir. Eyni zamanda dövlətin bu qərarı orta məktəblərdə şagirdlərin daha çox oxumasına, çalışmasına da təsir göstərir.

- Bir müddət əvvəl orta məktəblərdə şagirdlərdən “süpürgə pulu” yığılırdı. Sizcə, hazırda keçmişin qlobal problemi olan bu tendensiya hansı səviyyədədir?

- 25 ildir ki, Füzuli rayon 3 nömrəli orta məktəb fəaliyyət göstərir. Bildiyiniz kimi məktəbimiz qaçqın məktəbidir. Burada hər təbəqənin ailələrinin şagirdləri təhsil alır. Tam əminliklə deyə bilərəm ki, bu məktəbdə o cür neqativ hallar heç vaxt yaşanmayıb. Məktəbimizdə təhsil alan şagirdlərin əksər hissəsi aztəminatlı ailələrin övladlarıdır. Məktəb rəhbəri olaraq hər zaman çalışıram ki, onlara maddi və mənəvi cəhətdən dəstək olum. Hazırda bir şagirdim var, məsafə olaraq məktəbdən uzaqda yaşayır. Onun məktəbə gəlib getməsi üçün bütün nəqliyyat xərclərini direktor olaraq öz üzərimə götürmüşəm. Eyni zamanda bir şagirdimin təhsil xərclərini tam olaraq ödəyirəm. Məktəbdə ayda iki dəfə monitorinq keçirilir. Həmin monitorinqlərin sual kitabçalarının xərclərini belə rəhbər olaraq öz üzərimə götürmüşəm.

- Əvvəllər məktəblərdə dərnəklər təşkil olunurdu və şagirdlərin istər dərslərlə bağlı, istərsə də dərsdən kənar problemləri orada həll olunurdu. Hazırda orta məktəblərdə dərnəklər fəaliyyət göstərirmi? Göstərirsə, onun fəaliyyəti nədən ibarətdir?

- Bütün dərs günləri məktəbimizdə fakultativ dərslər və məşğələlər təşkil edirik. Həmin dərslərdə məktəblilərə çətinlik çəkdiyi fənlərdə kömək edirik. Burada məqsəd həm şagirdlərin dünya görüşünun artmasına yardımcı olmaq, həm də dərslə bağlı çətinliklərini aradan qaldırmaqdır. Düşünürəm ki, fakultativ məşğələlər və dərnəklər bütün məktəbləridə təhsilin və elmin inkişafı üçün təşkil olunmalıdır.

- Şagirdlər 45 dəqiqəlik dərs müddətinin azlığından şikayət edir və özəl hazırlıq kurslarına üz tuturlar. Şagirdlərin bu şikayətinə və məktəbdən kənar fəaliyyət göstərən hazırlıq kurslarına getməsinə necə münasibət göstərirsiz?

- Düşünürəm ki, ən keyfiyyətli dərs 45 dəqiqə ərzində şagirdin mənimsədiyi dərsdir. İnsanlar, xüsusən də şagirdlər gördüyü, oxuduğu, dinlədiyi məlumatları və informasiyaları maksimum bir saat vaxt ərzində yaddaşlarına qəbul edir. Ona görə də dünya təcrübəsində də orta məktəblərdə dərs müddəti 45 dəqiqə olaraq təyin edilir. Bir çox şagirdlər bu vaxtı az hesab edir. Və məktəbdən kənarda özəl olaraq sadəcə hazırlaşdığı ixtisas qrupunun fənlərini oxuyur. Beləliklə də digər elmlərdən özlərini məhrum edirlər. Məktəb direktoru olaraq bu məsələ məni narahat edir. Düşünürəm ki, təhsilimizin əsas problemi elə bu tendensiyadır. Təhsil Nazirliyi dəfələrlə açıqlama verir ki, şagirdlər heç bir şəkildə məktəbdən yayınmamalı, dərsi qoyub hazırlıq kurslarına getməməlidir. Təhsil işçisi olaraq bu fikirləri bildirməkdə məqsədimiz şagirdlərimizin hərtərəfli, bütün elmlərə hakim olması üçündür. Çünki indiki şagirdlər yalnız öz ixtisas qrupunu əhatə edən dərsləri oxuyur. Digər elmləri bilmir. Beləliklə də bizim gələcəyimizin kadrları yarımçıq olur. Çox istəyərdim ki, orta məktəblərdə yetişdirdiyimiz sabahın gəncləri şəxsiyyət olaraq tək istiqamətli olmasın. Şagird məktəbə getməli, dərsdə oturmalı, bütün dərslərə eyni dərəcədə hazırlaşmalıdır.

- Orta məktəb direktoru olaraq təhsilin inkişafı üçün hansı tədbirləri həyata keçirmisiz və gələcəkdə bu sahədə nə etməyi düşünürsüz?

- Məktəb rəhbəri, müəllimi, təhsil işçisi olaraq məqsədimiz gələcəyimiz üçün ixtisaslı kadr, hərtərəfli şəxsiyyət yetişdirməkdir. Ona görə çalışırıq ki, hər şeydən əvvəl şagirdlərə mükəmməl təhsil, sağlam elm verək. Bununla yanaşı şagirdləri müasir dövrün tələblərinə uyğun yetişdirməyə çalışırıq. Əlimizdən gəldiyi qədər şagirdlərə texnoloji biliklər veririk. Onların bu sahadə bacarıqlarının artırılmasına cəhd edirik. Eyni zamanda məktəb kollektivi olaraq zəif şagirdlərlə əlavə dərslər təşkil edirik. Məktəb olaraq əsas məqsədlərimizdən biri hər il ali məktəbə qəbul olan şagirdlərin sayını və və nəticələrini yüksəltməkdir. Bundan əlavə Təhsil Nazirliyinin verdiyi “Grand layihələr” üzərində işləyirik. Gələcəkdə “Grand layihələr”in qalibi olmağı düşünürük. 

- Demək olar ki, əksər şagirdlərin üzərində telefon var. Hətta onların adına sosial şəbəkələrdə hesablar da var. Bu məsələylə bağlı fikirləriniz necədir?

- Hazırda məktəb olaraq yaşadığımız əsas problemlərdən biri şagirdlərin sosial şəbəkələrə, internet oyunlarına marağının çox olmasıdır. Təhsil işçiləri olaraq şagirdlərin internetdən istifadə etməsinə qarşı deyilik. Müasir dövrün şagirdi internetdən araşdırma etməli, elmin, təhsilin yeniliklərindən agah olmalı, öz üzərində işləməlidir. Lakin çox zaman bunun əksi ilə qarşılaşırıq. Şagirdlər sosial şəbəkədən istifadə edir, gününün əksər hissəsini televiziya qarşısında internet oyunları ilə keçirir. Məyusedici amillərdən biri də odur ki, bu cür mənfi hallara valideynlər şərait yaradır. Ata, ana sosial şəbəkədə rahat vaxt keçirmək üçün bir telefon da uşağa verir. Bəzi valideynlər uşaqları ilə vaxt keçirmir, dərsləri ilə maraqlanmır. Bunun qarşısını almaq üçün məktəb olaraq mütəmadi valideyn iclasları keçirir və bu cür məsələləri əsas müzakirə obyektinə çeviririk. Şagirdlərin sadəcə dərsə maraq göstərməsi üçün həm rəhbər, həm müəllim, həm psixoloq olaraq məktəbimizdə kompleks şəkildə işlər görürük. Valideynləri maarifləndiririk, onlara müəyyən istiqamətlər veririk. 

- Əvvəllər demək olar ki, əksər müəllimlər şagirdlərə şiddət tətbiq etməklə onları elmə, təhsilə sürükləyirdi. Amma müasir dövr təhsilində şiddət qanunla qadağan edilib. Sizcə, bu qadağa doğrudur?

- Biz dünya təhsil sisteminə inteqrasiya etmişik. Artıq təhsilimiz dünyəvi xarakter daşıyır. Dünyanın inkişaf etmiş ölkələrində tədris müddətində şagirdə müəllim heç cür təsir etməməlidir. Lakin bəzi şagirdlər bu şəraitdən sui-istifadə etməyə çalışır. Müasir dövrün şagirdləri “olmaz”ı sevmir. Ona görə də valideyn, müəllim şagirdlərlə danışmalı, söhbət aparmalıdır ki, onlar “olmaz”ı özləri özlərinin qarşısına qoysun. Təhsil işçisi kimi müəllimin şagirdə fiziki, psixoloji və mənəvi təsir göstərməsinin tərəfdarı deyiləm.