Bayağı mahnıları indi də sosial şəbəkələr təbliğ edir: Kimdir günahkar?

Sənətkarlar bu vurhavurun səbəbkarını tapa bilmirlər



Son illər mahnı yaradıcılığında, musiqi sahəsində ciddi böhran, qarşısıalınmaz problem yaranmağa başlayıb. Bu, o həddə çatıb ki, hər yerdə bayağı mahnılar səslənir. Təbii ki, bu da narahatlıq sosu verməyə zəmin yaradır. 
Gənclər, hətta azyaşlı uşaqlar belə sosial şəbəkələrdə bu cür musiqilərin sədaları altında oynadıqları videoları paylaşırlar. Müğənnilər, sanki bu cür mahnılar üçün rəqabətə çıxıb. 

Acınacaqlısı isə odur ki, hətta Xalq artistlərinin, Əməkdar artistlərin repertuarında belə bu səpkidə bayağı musiqilərə rast gəlirik. Bir çox müğənnilər bu kimi mahnılara tələbatın olduğunu və toy məclislərində daha çox məhz bu musiqilərə ehtiyacın olduğunu səbəb, ya da bəhanə gətirərək izahı bu şəkildə verirlər. Əslində toylarda, şənliklərdə, hətta efirlərimizdə belə bu mahnılar səslənir. İnsanlar bu mahnıların sədaları altında fəxrlə rəqs edirlər. Bununla da heç bir məna daşımayan - söz yığınından və notlardan ibarət olan mahnılar musiqi mədəniyyətimizə daxil olur. Mahnının musiqisi o qədər güclü olmasa belə onu mahnının mətnində məna yükü varsa dinləmək olar. Bu səni o qədər də yormaz. Amma mahnının sözləri, sevdim, atdım, yandım, ya da sosial  sfera ilə bağlı kəlmələrlə söz yığınağı olaraq yazılıbsa - «mesaj atdım», «layk et» kimi dilimizə düşən ifadələrə də mahnı mətnlərində tez-tez rast  gəlirik.

Cəmiyyətdə kimə yaxınlaşırsansa, bayağı musiqi dinləmədiyini, az qala, həmin mahnıları oxuyanları tanımadığını deyir. Lakin “Youtube” göstəriciləri bunun tam əksini göstərir.

Məsələn, bayağı musiqiləri ilə dünyada məşhurlaşan gənc müğənni Üzeyir Mehdizadə: “Youtube”da “Yaxşı olar” klipinə 93 milyon baxış gəlib. Bəs biz baxmırıqsa, dinləmiriksə, bu milyonlarla baxış haradan gəlib?

Götürək son vaxtlar pərəstişkarlarının uğrunda canından keçməyə hazır olduqları Damlanı. “Sevmişdim” adlı klipinə 10 milyon baxış toplanıb. 10 milyonluq xalq olaraq hərəyə bir dəfə baxsaq, Damla bütün ölkədə məşhurdur, hərəmiz azı bir dəfə onu dinləmişik deyə bilərik. Bu və ya digər şəkildə: taksidə, avtobusda, yanımızdan keçən hər hansı avtomobildə...



Bəstəkar, Əməkdar artist Gövhər Həsənzadə hazırda hökm sürən bayağılığın təbliğində telekanalların günahkar olduğunu deyib: 

“Bayağı musiqilərin artmasının səbəbi onun təbliği ilə bağlıdır. Vətəndaşlar uşaqlıq yaşından eşitdiyi mahnıların ruhunda böyüyür. Zövqü də bununla formalaşır. Bayağı musiqi öz-özündən, göbələk kimi yağışdan sonra bitmir. Onu gündəmə gətirib efirlərə daşıyanlar kimdirsə, Azərbaycan mədəniyyətinə, incəsənətinə ziyan vuran insanlar da onlardır. Bilmirəm ki, onlar hansı məzhəbə qulluq edirlər. Amma bayağı musiqilərin telekanallarda və radio dalğalarında nə işi var ki, onu da dinləsinlər?!

Ümumiyyətlə, bayağı musiqi oxuyan adam gedib hamının qapısını döyüb bir-bir disk paylamır. Milyonlarla insan bayağı musiqidən haradan xəbər tutur? Əlbəttə ki, telekanallara baxır və internetdə görür”. 

Gövhər Həsənzadə "Şərq"ə açıqlamasında onu da əlavə etdi ki, məhz sözügedən bayağılığı təbliğ və bəzi insanları zombiləşdirmək üçün sosial şəbəkələrdən istifadə olunur: “Lakin kanallar həmin mahnılarla bağlı hər hansı anons, ipucu verməsə, insanlar gedib sosial şəbəkələrdə, “Youtube”da onları axtarmaz”. 

Əməkdar artist televiziyalarda yaradılan bədii şuraların bu özbaşınalıqlara son qoyacağına ümidlidir: 

“İnanıram ki, yeni sezondan telekanallarda yaradılan bədii şuralar yavaş-yavaş öz fərqini və təsirini efirdə göstərəcək. Çünki bu özbaşınalıq baş alıb gedə bilməz. Dünya ağlını o qədər itirməyib ki, hər gün inkişafın getdiyi bir zamanda insanlar avamlığa və ya cahilliyə getsin. Bu, ötəri boşluqdan istifadə olunan hay-küydür. Ələnəcək. Əminliklə deyirəm ki, bu belə davam etməyəcək”.   
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun isə bu mövzuyla bağlı danışmağa sözü çox olsa da qısa münasibətə üstünlük verdi: “Maraqlıdır ki, hamı tənqid edir, suçlu axtarır, heç kim günahı özündə görməyə çalışmır. Bizimkiləri tənqid edirik. Tənqid edən də özümüzük, tənqid olunan da bizik - yəni cəmiyyətimiz. Cəmiyyətimizin səviyyəsi nədirsə, onun da zövqü, musiqisi də, sənətə yanaşması da o qədər olur. Mahnıların mətnlərində olan acınacaqlı durumu əslində hamı görür, amma bu sahədə olan hər kəs də bir az da sənət aləmində "cinayətkarlardan" birinə çevrilir. O mənada ki, hamı bayağı mahnıları tənqid edir, mahnı mətnlərində olan söz yığınağından danışır, mahnının sözlərinin primitivliyini dilə gətirir, amma baxırsan ki, repertuarına yeni mahnılar daxil edəndə elə həmin bayağı söz mətnlərinə üstünlük verir, o mətnin müəllifləri ilə çalışmağa səy göstərir. Bəziləri bunu maddiyyatla da bağlamağa çalışırlar ki, guya, yaxşı mətn bahadır. İnanın elə deyil. Müğənninin bu gün bir geyimə verəcəyi  qiymətdə bir mahnının mətninə verəcəyi məbləğdən də artıq olur. Sadəcə səhnəyə sənət adına gələnlər kimi gəlir mənbəyi olaraq baxanlar da az deyil. Sənətə alver, bazar kimi baxanlar həmişə primitiv mətnlərin, mahnıların seçiminə üstünlük verəcəklər». 

Mahnının sözləri də bədii söz sənətinə daxil edilir. Bu, nə publisistika, nə satira, nə yumor, nə də tənqidi yazıdır. Odur ki, bədii sənətdə sosial mesajlar ola bilməz. İncəsənətin bütün sahələri humanizm ideyalarının yayılmasına və təbliğinə xidmət etməlidir. Humanizm bəşəri dəyərlərdir, sosial mesajlar isə məişət səviyyəsində olan problemlərdir. Humanizm ideyalarına çağırış sosial mesaj ola bilməz. O, Allahdan gələn, yüksək dəyəri olan çağırışlardır. Ədəbiyyat və musiqi də onların təbliğinə xidmət edir”.



Sənət aləmində populyarlığını və nüfuzunu qoruyan Xalq artisti Faiq Ağayev zaman dəyişdikcə, zövqlərin də dəyişdiyi fikrini irəli sürüb: 

“Bu, təkcə Azərbaycanla bağlı məsələ deyil. Yaxın Türkiyə, Rusiya, digər ölkələr, Hollivud və Avropa musiqisi də formatını dəyişib. Dil asanlaşıb, elə bil ki, yeni dil yaranıb. Hazırda sosial mediada istifadə olunan danışıq tərzi aktual olub. İndi mahnılarda daha çox sadə bəsit dillə danışılır. Həm mətnlər bayağılaşıb, həm musiqi keyfiyyəti aşağı düşüb. Yəqin ki, bu, kütlə ilə eyni dildə danışmaqdan ötrü baş verir. Mətnlərinin məna yükünün olmasını təkcə axınla bağlamaq düzgün olmazdı. Müğənni fərd olaraq axına düşməyə də bilər, daha dərin mənası olan mahnı seçə bilər. Yəni ifaçıdan da çox şey asılıdır. İndiki zəmanədə mürəkkəb mahnı yazdırıb oxumaq riskdir. Çoxları qorxur ki, birdən nisbətən ağır mahnılar oxusalar, onlar digərləri kimi sevilməz”.

F.Ağayev onu da vurğuladı ki, sosial mesaj vermək müğənninin borcu deyil: 

“Cəmiyyətin müğənnidən sosial mövzuda mahnılar oxumasını tələb etməsi qəbulolunmazdır. Çünki ifaçı siyasətçi deyil, mahnılarda sosial mesaj ötürmək onun borcu deyil. Lakin yuxarıda dediyim kimi, fərd olaraq yaradıcılığında belə mövzulara toxunması öz işidir”. Xalq artisti mahnı seçimində olduqca diqqətli və məsuliyyətli yanaşdığını etiraf edib: “Mahnının təranəsi bəyəndikdən sonra sözlərin dərin araşdırmasına başlayıram. Mətnə çox fikir verirəm. Mənimlə çalışan gənc və böyük şairlər də yaxşı bilir ki, bu məsələdə çox əzaziləm. Mətni tam rəndələyib, redaktə edib düzgün formaya salandan sonra ifa etməyə qərar verirəm. Hesab edirəm ki, musiqidən əlavə, mətn də şeir kimi oxunmalıdır. Yekun olaraq 3 vacib nöqtəni bir daha təkrar etmək istərdim. Birincisi, bu hal təkcə Azərbaycanda baş vermir, ikincisi, müğənni fərddir və mətn şəxsi seçimidir, üçüncüsü isə müğənnidən sosial mövzuda oxumağı tələb etmək olmaz”.