Gürcüstan çalxalanır: Qonşu ölkədə nə baş verir? - ŞƏRH

Gürcüstan müxalifəti parlament qarşısında Ali Məhkəmə hakimlərinin namizədliyinin təsdiqinə qarşı etiraz aksiyası keçirib.

Aksiyaya Yeni Gürcüstan Partiyasının sədri Qriqol Vaşadze rəhbərlik edib. Polislə baş verən toqquşma nəticəsində Vaşadze saxlanılıb. Vaşadze ilə bərabər daha bir neçə etirazçının saxlanıldığı vurğulanıb.

Qonşu ölkədəki çalxalanma ilə bağlı Sherg.az-a danışan politoloq Azər Rəşidoğlu bildirib ki, Gürcüstanda müxalifət artıq uğur zolağına daxil olub. 

Analitikin fikrincə bu, müxalifətin 2020-ci il parlament seçkilərində qələbəsinin əsasını qoya bilər:

“Psixoloji üstünlüyü müxalifət ələ keçirməklə, öz sıralarını genişləndirə bilər. Ehtimal edirəm ki, Vaşadze ən qısa zamanda azadlığa buraxılacaq. İstənilən halda, baş verənlər Gürcüstan demokratiyasının inkişafı və Avroatlantik bloka inteqrasiya istiqamətində irəliyə doğru böyük bir addım olacaq.



Azər Rəşidoğlu: "Növbəti parlament seçkilərində Vaşadzenin rəhbərlik etdiyi siyasi blok qələbə qazanacaq"


Növbəti parlament seçkilərində Vaşadzenin rəhbərlik etdiyi siyasi blok qələbə qazanacaq. Unutmaq olmaz ki, Gürcüstanda prezidentin səlahiyyətləri məhduddur, icra səlahiyyətləri tamamilə baş nazirin və onun hökumətinin əlindədir. Bu baxımdan parlamentdə Vaşadzenin tərəfdarlarının qələbəsi ilə müxalifət faktiki olaraq hakimiyyətə gəlmiş sayılacaq. Vaşadzenin parlament seçkilərində revanş götürmək şansı yüksəkdir, onun rezervləri çoxdur, sabit elektoratı var. Baş verənlər növbəti parlament seçkilərinə hazırlıq kimi dəyərləndirilə bilər. Hələ ki Vaşadze gələcək uğura daha yaxın görünür”.