Agentlik rayonlarda monitorinqlərə başlayır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen "quş qripi"ndən qorumaq məqsədilə xəstəliyə qarşı 16–20 dekabr tarixlərində növbəti epizootoloji monitorinqlər keçirəcək.

Bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, monitorinqlər çöl quşları arasında Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərini əhatə edəcək.

Eyni zamanda, həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı həyətyanı təsərrüfatlarda seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.