Antisanitar şəraitə görə, çörək sexi bağlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları "1003" Çağrı Mərkəzinə daxil olan müraciət əsasında Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi 31 ünvanında fəaliyyət göstərən fiziki şəxs İsmayılova Xalidə Müzəffər qızına məxsus çörək istehsalı müəssisəsində reyd keçiriblər.

AQTA-dan verilən məluama görə, reyd zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçirilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, xammalın saxlanma rejiminə, eləcə də, temperatur və rütubət rejiminə düzgün əməl olunmadığı aşkarlanıb.

Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

Müəssisədə istifadə olunan sobanın, işçi masaların, tənəkə altlıqların, qabların, alət və ləvazimatların və çörək yığılan rəfin istismar müddətinin bitdiyi və onların təmizlənməsinin, dezinfeksiyasının normalara uyğun olaraq aparılmadığı, deratizasiya və dezinseksiya tədbirlərinin vaxtaşırı həyata keçirilmədiyi aşkar edilib.

Aşkarlanan pozuntulara uyğun olaraq qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.



Faktla bağlı araşdırmalar davam etdirilir.