Elçiliyə gələn oğlandan tibbi arayış tələb olunmur - PROBLEM

Çünki oğlan evi bunu mənliyinə sığışdırmayacaq və qapını çırpıb gedəcək



Normal, ağlı başında insan anlamalıdır ki, ailə qurmaq yalnız iki nəfərin birgə yaşayışından ibarət deyil. Ata da, ana da övladlarının qatilinə çevrilməməlidirlər



Pediatr Vaqif Qarayev nikaha daxil olmağa hazırlaşan cütlüklərdə talasemiya və QİÇS xəstəliklərinin aşkarlanmasına münasibət bildirib. Həkim sosial şəbəkədə paylaşdığı statusunda bunları yazıb:  
“Bu ilin 11 ayı ərzində nikaha daxil olmaq üçün 126 402 nəfər müayinədən keçib. 43 cütlükdə talassemiya daşıyıcılığı aşkar olunub. 297 nəfərdə sifilis, 137 nəfərdə isə QİÇS...

Talassemiya daşıyıcılığı genetikdi. Bununla işimiz yox. Amma yaxşı olardı ki, bu problem VVAQ-ın kandarında yox, uşaq yaşlarında aşkar olunsun. Yəni, uşaqlar vaxtında müayinə olunsun. 137 nəfər QİÇS-li insanların hamısı cinsi yolla yoluxubmu? Bunu iddia edə bilmərik! Amma 297 nəfər sifilisə yoluxub. Niyə? Sifilisli, QİÇS-li məhəbbət olur? Doğulacaq uşaqların həyatını riskə atmırıqmı? Fiziki qüsurlu insanlarla ailə quranlar var...bunlar hər cür hörmət və ehtirama layıqdi!!! Amma gələcək nəsli yoluxdurma ehtimalı yüksək olanlarla ailə qurulsunmu?
Yaxşı olar ki, gənclərimiz ailə qurmaq fikrinə düşməmiş tibbi müayinədən keçsinlər (VVAQ-da yox!) ki, həm bu xəstəliklər, həm də sonsuzluq yarada biləcək problemlər aşkar olunsun.

Qeyd edək ki, “Ailə Məcəlləsi”nə edilən dəyişiklikliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslər Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər.

Qaydaya uyğun olaraq tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət tibb müəssisəsində həyata keçirilməlidir. Nikaha daxil olmaq istəyən şəxslərin hər biri talassemiya, QİÇS və sifilisə görə tibbi müayinə olunmalıdır.



 «Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova qanunun tələblərinə əməl edilməsini vacib sayır və bunun gələcək nəslin sağlamlığına hesablandığını bildirir. Ekspert bir sıra məqamlara xüsusi diqqət yönəltməyin tərəfdarıdır:

- Nikahdan öncə tibbi arayışın tələb olunması həm evlənən cütlüklərin, həm də dünyaya gələcək övladların sağlamlığının qorunması baxımından çox önəmlidir. Qaydaların tətbiqi göstərir ki, ailələrin sağlamlığı dövlət siyasətinin prioritetidir. Əslində, evlənməyə, ailə həyatı qurmağa hazırlaşanların tibbi müayinədən keçməsi onların ailə həyatına necə məsuliyyətlə yanaşdığının göstəricisidir. Amma təəssüf ki, Azərbaycan cəmiyyəti bundan hələ çox uzaqdır. Azərbaycan mühitində ailələr çox zaman yalan üzərində qurulur. İstər ailələrin sosial vəziyyəti ilə bağlı, istərsə də evlənməyə hazırlaşan cütlüklərlə bağlı. Ailələr var ki, qızının, ya oğlunun, məsələn, ürək çatışmazlığı olduğunu qarşı tərəfə demir. Hətta narkotiklərə qurşanmış oğlanları da «aydan arı, sudan duru» kimi təqdim edirlər. Nə qədər belə faktlar var ki, evlənəndən sonra oğlanın, hətta bəzən qızların da narkotik aludəçisi olduğu üzə çıxıb, ailələr dağılıb, nəsillər arasında düşmənçilik yaranıb. Bizim cəmiyyət, təəssüf ki, ailə müqəddəsliyini unutmağa başlayıb və ilk gündən etibarən gələcək ailənin təməlini yalan üstündə qurmağa üstünlük verirlər. Anaların bir dərdi var ki, nə olursa-olsun, qızını ərə versin. Daha bunun sonrası necə olacaq, onu düşünmürlər. Bizdə hələ o səviyyə formalaşmayıb ki, elçiliyə gələn oğlandan tibbi arayış tələb etsinlər. Oğlan evi bunu mənliyinə sığışdırmayacaq və qapını çırpıb gedəcək ki, nə çoxdu qız, gedib başqasını alarıq. Amma daha fikirləşmirlər ki, bu, həm adamın özü üçün, həm də gələcək həyat yoldaşı və dünyaya gələcək övladları üçün, ümumilikdə hamı üçün lazımlı və vacib bir işdir. Ailələr var ki, müxtəlif irsi xəstəliklər üzündən xəstə uşaqlar dünyaya gəlir. Müxtəlif yoluxucu xəstəliklər üzündən ər və arvad arasında birgə yaşayışda problemlər ortaya çıxır və bunlar bəzən ailələrin dağılması ilə nəticələnir. Bunu düşünən insan özünün də, həyatını bağlamağı düşündüyü insanın sağlamlığına laqeyd qalmamalıdır. 



M.Zeynalova hesab edir ki, qanunun icrası mexanizmində bəzi detallar nəzərə alınmalıdır: 

- Evlənməyə hazırlaşan cütlüklərin tibbi müayinədən keçməsini təmin edəcək bir mexanizm varmı? Biz hardan bilirik ki, evlənməyə hazırlaşanlar tibbi arayışları saxta yolla əldə etmir? Bu gün fəaliyyət göstərən VVAQ strukturunda köklü islahatlar aparılmalıdır. VVAQ şöbələrində məlumatlandırma büroları yaradılmalı, hüquq məsləhəti, psixoloq məsləhəti verilməlidir. VVAQ şöbələri bu xidmətləri paket halında təklif etməlidir. Həm də pulsuz! VVAQ şöbələrində xüsusi kataloqlar yaradıla bilər və orada vətəndaşların sağlamlığı barədə gərəkli məlumatlar toplana bilər. Elektron sistemə də keçmək mümkündür. Səhiyyə Nazirliyi ilə bu işi birgə həyata keçirmək olar. Müraciət edənlərlə bağlı onlar tibbi arayış təqdim etməmiş, ilkin məlumat əldə etmək olar ki, bu insanlar hansı xəstəlikləri keçirib, daşıyıcıdırlarmı və s.    

Xüsusilə maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var. Məsələn, telekanallarda maarifləndirici proqramlar olmalıdır. Qanun imzalanıb, bundan siz jurnalistlər xəbərdarsınız, biz qeyri-hökumət sektorunda çalışanlar, hüquqşünaslar, bu sahə ilə bağlılığı olanlar xəbərdardırlar. Kütləvi şəkildə əhalinin bundan xəbəri olmaya da bilər. Bəlkə sabah cütlük VVAQ şöbəsinə müraciət edəndə, elə oradaca onlara rüşvət müqabilində bu tibbi sənəd təklif olunacaq? Yəni, biz çalışmalıyıq ki, hərtərəfli iş aparılsın. İnsanlarla maarifləndirmə aparılsın ki, evlənməyə hazırlaşanlar sağlamlığa diqqətin necə vacib amil olduğunu anlasınlar. Biz təklif edirik ki, tibbi arayışın təqdimatı VVAQ şöbələrinin daxilində olsun. Gəncləri daha harasa, hansısa poliklinikaya göndərməsinlər. Məsələlər yerində həll edildikdə, rüşvətə, başqa mənfi hallara da az rast gəlinir, bunların qarşısı alınır. Yaxşı olardı ki, qanun dini kəbinə də aid edilsin və bu məsələdə məsuliyyət dini qurumların üzərinə qoyulsun. Ailənin də, gələcək nəslin sağlamlığını da evlənən cütlüklər düşünməlidir. Evlənənlər anlamalıdırlar ki, sağlamlıq ailə həyatında ən önəmli məsələdir. Həmçinin doğulacaq uşaqların da gələcəyinin sağlam və ya qeyri-sağlam olacağı bu gün qurulan ailədən asılıdır. Gərək elə kimdənsə nəsə tələb olunsun ki, bizim gənclər, valideynlər tibbi arayış alsınlar?! Hər bir sağlam düşüncəli insan öz sağlamlığının təminatçısı olmalıdır. Normal, ağlı başında insan anlamalıdır ki, ailə qurmaq yalnız iki nəfərin birgə yaşayışından ibarət deyil. Ata da, ana da övladlarının qatilinə çevrilməməlidirlər. Hansısa xəstə cütlükdən sabah xəstə uşaq dünyaya gələcəksə, bunun günahkarı da valideynlər olacaq, bədəlini də onlar ödəyəcəklər.