Taksilərin yağışlı günlərdə qiymət artımı: Həll yolu taksometrlərin yerləşdirilməsidir

 “Pik” saatlarda və yağışlı havalarda avtomobillər yolun sürüşkən olması və tıxaclar səbəbindən həqiqətən də adi vaxtlara nisbətən daha artıq yanacaq və zaman sərf edirlər



Paytaxtın yağışlı günlərinin problemi təkcə yollar, keçilməz səkilər, tıxaclar deyil. Həm də yağışlı havadan maksimum faydalanmağa, əslində isə insanların çarəsiz durumundan sui-istifadə etməklə daha artıq gəlir əldə etməyə can atan taksi sürücüləridir. Bəli, elə ki, göydən yerə azacıq artıq miqdarda yağmur düşdü, taksi sürücüləri “firon”a çevrilir (“Bağdadda kor xəlifə” məsəli artıq dəbdən düşüb, çünki daha Bağdadda xəlifə-zad qalmayıb – red), başlayırlar qiymət “oxumağa”.  Havanın xoş vaxtlarında 2-3 manata, adambaşı 1 manatdan müştərini çıraqla axtaran sürücülər yağışda qiyməti 2 qat qaldırır.

“20 Yanvar” dairəsindən Xırdalana, Masazıra sərnişin daşıyan taksilər 10-15 manat qiymət qoyurlar. Problem bundadır ki, taksi sürücülərinə nəzarət edən, qiymətlərin niyə bu qədər qaldırıldığını, müştəri ilə manipulyasiya edilməsinin qarşısını alan da yoxdur. Belə çıxır ki, taksi sürücüləri hər hansı məsuliyyətdən və qanundan kənardır? 



Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında bildirdi ki, konkret taksi xidməti şirkətləri ilə çalışan sürücülərlə, Bakı Nəqliyyat Agentliyindən alınmış lisenziya əsasında çalışan sürücülər arasında fərq var:

- Əgər siz konkret hansısa taksi şirkətinə xidmət üçün sifariş verirsinizsə, sizə gedəcəyiniz məsafəyə uyğun tarif söyləyirlər. Taksi şirkətləri məsafəyə uyğun qiymət təyin edir və bunu sifariş verən müştəriyə öncədən bildirirlər. Razılıq alındıqda taksi sifarişə göndərilir. Belə olduğu təqdirdə əgər sürücü mənzil başına çatdıqda, ya da avtomobil hərəkətdə ikən qiymət dəyişikliyi edirsə, əlbəttə, müştəri şirkətlə əlaqə saxlayıb narazılığını bildirməlidir və gediş haqqını öncədən təyin edilmiş tarif üzrə ödəməlidir. Taksi şirkətlərindən narazılıq günün “pik” saatlarında və yağışlı havalarda qiymətlərin qaldırılıması olur, amma gərək bunu anlayışla qarşılayaq. Çünki “pik” saatlarda və yağışlı havalarda avtomobillər yolun sürüşkən olması və tıxaclar səbəbindən həqiqətən də adi vaxtlara nisbətən daha artıq yanacaq və zaman sərf edirlər. Ədalət naminə bunu qəbul etməliyik. Qaldı ki, özəl taksilərin yağışlı havada qiymətləri qaldırmasına, bunun tənzimləyici mexanizmi təəssüf ki, hələ də yoxdur. Şəxsi taksilər BNA-dan alınmış lisenziya əsasında fəaliyyət göstərir və rüsum ödəyirlər. Onların müştəriyə istənilən qiyməti təklif etməkdə sərbəstdirlər. Burada konkret tarif şərtləri yoxdur. Bu məsələ müştəri ilə sürücü arasındakı razılaşmadan asılıdır. Bu sürücüləri cərimə etmək mexanizmi də yoxdur. Şəxsi taksilər özlərinə sərf edən şərtlər daxilində fəaliyyət göstərirlər. Bu problemin aradan qaldırılmasının yeganə yolu avtomobillərə taksometrlərin yerləşdirilməsidir. Onu da hələ edən yoxdur. 
Bir sözlə, gərək çalışasan, yolda qalmayasan.