Türkiyə yeni bir mərhələyə daxil olub: İndi partiya yaratmaq növbəsi Babacandadır

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu, "Gələcək" adlı partiya yaradıb. Davudoğlu dünən partiyasını rəsmən ictimaiyyətə təqdim edib. Sabiq nazirin siyasi səhnədə uğur qazanıb-qazanmayacağı mübahisə mövzusudur. Bəziləri bildirirlər ki, "Gələcək" Partiyası Türkiyə siyasi arenasında xırda təşkilat olaraq qalacaq. 

Sherg.az-ın xəbərinə görə, politoloq Şahin Cəfərli deyir ki, Davudoğlunun partiyasına seçdiyi ad, loqo və rəng seçimi uğurludur:

"Yaşıl rəngin həm siyasi, həm də psixoloji önəmi və təsiri var. "Gələcək" Partiyası hakim Ədalət və İnkişaf Pariyasının (AKP) ilk dönəminə bənzər şəkildə mühafizəkar, amma azadlıqları önə çıxaran sağ-mərkəzçi cizgidə olacaq. Təqdimat mərasiminin Atatürkün xatirəsinə 1 dəqiqə sükutla başlanması cümhuriyyət dəyərləri ilə barışıq olduqlarını göstərir. Vitrində parlaq simalar azlıq təşkil etsə də, təşkilati işlərini yaxşı bacaran insanların olması (məsələn, AKP-nin Ankara və İstanbul təşkilatlarının sabiq sədrləri) göstərir ki, Davudoğlu təşkilatlanma işinə ciddi önəm verir. Qurucular arasında bizim köhnə dostumuz, Türkiyənin Azərbaycandakı səfirliyində 2-ci adam olmuş, daha sonra Rusiya və İran kimi önəmli ölkələrdə, eləcə də Avstriyada səfir vəzifəsində çalışmış Ümit Yardım da var. Ümit bəy dünya siyasətini çox yaxşı bilən dəyərli diplomatdır. Diplomatik xidmətdən istefa verib siyasətə qoşulması o deməkdir ki, bu sahədə perspektiv görür". 



Şahin Cəfərli: "Qarşıdakı növbəti və ya erkən seçkilərdə Davudoğlu ilə Babacanın partiyalarının ittifaq qurması istisna deyil"


Analitik qeyd edib ki, indi növbədə Əli Babacanın partiyasıdır:

"Babacanın sabiq prezident Abdulla Gülün xeyir-duası ilə apardığı partiya quruculuğu işi yekunlaşmaq üzrədir. Sağ cinahda 2 yeni və iddialı partiyanın qurulması ilk növbədə Cumhur İttifaqı üçün təhlükədir. Hətta İYİ Partiyadan də səs qopara bilərlər. Qarşıdakı növbəti və ya erkən seçkilərdə Davudoğlu ilə Babacanın partiyalarının ittifaq qurması istisna deyil. Onlara Səadət Partiyası da qoşula və beləliklə, daha bir güclü sağ blok formalaşa bilər. Bu partiyaların birlikdə hətta 10 faiz səs alması belə, ölkədə siyasi mənzərənin tamamilə dəyişməsi mənasına gələcək. Yəni ki, Türkiyə yeni bir mərhələyə daxil olub".