Rəsmi Kiyev üçün Bakı ilə əməkdaşlıq son dərəcə vacibdir - ŞƏRH

“Rəsmi Kiyev üçün Azərbaycanla əməkdaşlıq son dərəcə vacibdir. Zelenski prezident seçildikdən dərhal sonra bəyan elədi ki, Kiyev Bakının Ukraynaya yatırım qoymasını arzulayır”.

Bu sözləri Sherg.az-a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.

Analitik qeyd edib ki, Kiyev ilə əməkdaşlıqda Bakı da maraqlıdır:

“Ukrayna bazarı Azərbaycan üçün cəlbedicidir. Ukrayna və Azərbaycanı etnik separatizm problemi də yaxın edir. Ukraynada Luqansk və Donbass problemi mövcuddur, Azərbaycanda Dağlıq Qarabağ problemi. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Digər tərəfdən, Azərbaycanda ukraynalılar yaşayır və onların heç vaxt problemi olmayıb. MDB məkanında Azərbaycanın əsas strateji müttəfiqləri Ukraynadır. Azərbaycanla Ukrayna arasında nə dəniz, nə də quru sərhədlərin olmamasına baxmayaraq, iki ölkə arasındakı strateji müttəfiqlik mövcuddur.



Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. Hər iki dövlət bir-birinin müstəqilliyini qısa müddətdə tanısa da, diplomatik nümayəndəliklərin açılması bir qədər sonraya təsadüf edir. Bakı Kiyevlə "Böyük İpək Yolu" layihəsi çərçivəsində də əməkdaşlıq edir. Son illər Azərbaycan vətəndaşları Ukraynada həm təhsil alır, həm də böyük biznes qururlar. Bu baxımdan, Zelenskinin Bakı səfərini iki strateji müttəfiqin növbəti görüşü kimi dəyərləndirmək olar”.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Azərbaycana rəsmi səfərə gələcək.  Səfər iki gün davam edəcək. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.