Müsavatın namizədləri bəlli oldu

Dekabrın 16-da Müsavat partiyası 9 fevral növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərinin siyahısını açıqlayıb.

Sherg.az bildirir ki, Müsavat başqanı Arif Hacılının verdiyi məlumata görə, partiya 78 tək üzvlü dairələrdə 81 namizəd irəli sürəcək.

“Bu gündən seçki kampaniyasına başlayırıq. Bu siyahı daha da genişlənəcək", - Hacılı bildirib.

Partiyanın namizədləri sırasında Hacılıdan başqa keçmiş Müsavat başqanı İsa Qəmbər, hazırkı sədr müavinləri: Səxavət Soltanlı, Fərəc Kərimli, mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli, gənclər təşkilatının rəhbəri Elman Quliyev, partiya məclisinin rəhbəri Nüşabə Sadıqlı və başqaları var.

A. Hacılı partiyanın namizədləri olmayan, rayonlardakı digər partiyaların nümayəndələrini dəstəkləyəcəklərini istisna etməyib.