Reytinq ölkəmizin inkişafından xəbər verir

ABŞ-da nəşr olunan “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinqini açıqlayıb. Pensilvaniya Universitetinin analitikləri tərəfindən tərtib edilən reytinq siyahısı ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib. Siyahı tərtib edilərkən ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub. 

Ölkəmizin son dövrlərdə əldə etdiyi uğurlar barədə “Şərq”ə danışan V Çağırış Milli Məclisin deputatı Azər Badamov deyib ki, Azərbaycan öz inkişaf dövrünü yaşayan bir dövlətdir. 



A.Badamovun sözlərinə görə, “U.S.News” jurnalında dərc olunan reytinq siyahısında Azərbaycanın dünyanın 80 ən güclü ölkələri arasında 45-ci yerdə qərarlaşması dövlət başçısının rəhbərliyi altında aparılan uğurlu siyasətin göstəricisidir:

“Bu jurnalın göstəricilərində Azərbaycanın tutduğu mövqe və bir çox Avropa ölkələrini ötməsi təbii ki, ölkəmizin inkişafından xəbər verir. Biz öz iqtisadiyyatımızı, siyasətimizi hər hansı reytinqə görə qurmuruq. Ümumilikdə ölkəni inkişaf etdiririk. Buna rəğmən beynəlxalq reytinq təşkilatlarının Azərbaycanı yüksək səviyyələrdə sıralaması günün reallığıdır və xaricdən bizə baxılanda görünən sevindirici mənzərədir. Azərbaycanın müstəqil siyasət yürütməsi, sosial siyasətimiz, hərbi sahəmizin inkişafı göz önündədir. Düşünürəm ki, gələcəkdə bu cür reytinqlərdə yerimiz daha da möhkəmlənəcək və dünyada ən cəlbedici, inkişafda olan bir ölkə kimi mövqeyimiz güclənəcək”.