Zelenskinin Bakıya gəlişi sıradan bir səfər deyil - ŞƏRH

“Ukrayna prezidenti Zelnskinin ölkəmizə rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir”. Bunu Sherg.az-a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. 

Analitik bildirib ki, iki ölkə GUAM çərçivəsində əməkdaşlıq edir və bir-birlərinin ərazi bütövlüyünü dəstəkləyir: 

“Ukrayna və Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirilməsi istiqamətində perspektivlər var. Xüsusilə hərb-texniki sahədə birgə işlərin reallaşdırmasında hər iki tərəfin geniş imkanları var. Ukraynanın inkişaf etmiş raket sənayesi var. Azərbaycan bu ölkədə, yaxud, burada Ukrayna ilə birgə Rusiyanın ballistik raketlərinin analoqu olan raketlərin birgə istehsalını reallaşdıra bilər. Bununla da Azərbaycanın Rusiyadan raket idxalına ehtiyac qalmaz. Zelenskinin səfəri sıradan bir səfər deyil. Ukraynanın da Azərbaycandan gözlədikləri var. Azərbaycanın bu ölkənin ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq beynəlxalq təşkilatlarda səsverməyə çıxarılan qətnamələrə Azərbaycan bitərəf qalır, yaxud iclaslara qatılmır. Eyni oxşar hərəkəti Ukrayna bizə edərsə, təbii ki, məyus olarıq. Bundan sonra bu kimi məsələlərdə Azərbaycanın qəti mövqe ortaya qoyması mümkündür”.

Ekspert bəyan edib ki, Azərbaycan nümayəndə heyəti mütləq Ukraynın ərazi bütövlüyü ilə bağlı məsələlərdə öz dəstəyini göstərməlidir:

“Çünki hər iki tərəf işğal və separatizmlə üz-üzədir. Ukrayna ilə əməkdaşlıq Rusiya ilə əlaqələrimizə təsir etməyəcək. Azərbaycanla Ukraynanın eyni platformalarda əməkdaşlığı labüddür. Krım məsələsində Azərbaycan nümayəndə heyəti BMT-də səsvermədə iştirak edib, Ukraynanın haqlı mövqeyini dəstəkləməlidir. Təəssüf ki, bizim nümayəndə heyəti Rusiya faktoruna görə, iclası tərk edir. Artıq, bu məsələlərə son qoymaq vaxtı çatıb”.