Müsavatda daha bir qalmaqal: “Yadigar Sadıqlı riyakarlıq edib” - İTTİHAM

Səxavət Soltanlı: “Partiyaya müraciət etmədən, latent şəkildə DSK ya gedib namizədlik verib, bu hərəkətinə görə ən azı partiya üzvlərindən üzr istəmək əvəzinə yenə də partiyanı borclu çıxarmağa çalışır”



“Müsavat Partiyası seçkilərdə iştirak haqqında qərar verdiyi Məclis toplantısında bütün rayon təşkilatlarına və üzvlərinə açıq formada müraciət etmişdi ki, kim hansı dairədən namizəd olmaq istəyirsə partiyaya bildirsin. Kim ki, müraciət edib müzakirə edilib”.

Sherg.az-ın xəbərinə görə, bu sözləri Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı təşkilatın namizəd siyahısına salınmayan şəxslərin iradına cavab olaraq deyib. 

Qeyd edək ki, siyahıya salınmayanlardan biri də, partiya başqanlığına keçmiş namizəd, başqanın sabiq müavini Yadigar Sadıqlıdır. 

S.Soltanlı bildirib ki, Yadigar Sadıqlı partiyanın namizədi olmamaq üçün riyakarlıq edib, gizli şəkildə namizədliyini verib: 

“Partiya son ana qədər onun qərarını gözləyib ki, Yadigar Sadıqlı fikirləşsin bitirsin, bir qərar versin. Çünki, sosial şəbəkədə bildirmişdi ki, maddi problemlərlə bağlı qərarını qətiləşdirməyib. Maddi dəstək taparsa, 73 saylı dairədən namizəd olacaq. Partiya da bu fikirləşmənin bitməsini əlbəttə sonsuza qədər gözləyə bilməzdi. Bununla belə həmin dairədən namizəd irəli sürməyib, hələ də namizəd siyahımız yekunlaşmayıb”.

Müsavat başqanının müavini onu da deyib ki, partiya başqanı dekabrın 14-ü namizədlərin açıqlanacağını elan etmişdi: 

“Bununla belə, bu açıqlamanı 2 gün də ertələdik. Bu müddət ərzində Yadigar Sadıqlı seçki işinə rəhbərlik edən Gülaga Aslanlıya heç bir müraciət etməyib. Baxmayaraq ki, siyahı açıqlandıqdan 2 gün əvvəl partiyanın mərkəzi qərargahında olub. Partiya üzvü, partiyaya müraciət etmədən, latent şəkildə DSK ya gedib namizədlik verib, bu hərəkətinə görə ən azı partiya üzvlərindən üzr istəmək əvəzinə yenə də partiyanı borclu çıxarmağa çalışır. Namizəd olacağını sosial şəbəkədə belə elan etsəydi partiya onu rəsmən dəstəkləyəcəkdi. Yadigar Sadıqlı əmin olsaydı ki, o, müraciət etsə partiya onu dəstəkləməz, mütləq ictimai qaydada bu müraciətini edər, ən azı seçkidə iştirak edəcəyi haqqında şəbəkədə elan verərdi. O, müraciətindən sonra partiya onu dəstəkləməsəydi o bundan növbəti şou düzəldərdi, haqlı da olardı. Bu dərəcədə riyakarlığı insanlar necə bacara bilir?”.

S.Soltanlı onu da vurğulayıb ki, partiyadan və ictimaiyyətdən gizli şəkildə namizəd olan şəxsin adının partiyanın siyahısında olmamasına görə təşkilatı ittiham edən Hebib Müntezir, “Yadigar Sadıqlının adı siyahıya salınmadı” deyib verliş hazırlayan Meydan tv hansı məntiqlə belə təqdimat verə bilir:

“Elementar məntiqi təfəkkürü olan hər hansı şəxs bu duruma görə nəinki Müsavat Partiyasını ittiham etməməli, belə duruma görə gizlin, partiyadan və cəmiyyətdən oğurluq hərəkət edən şəxsi ən sərt formada qınamalı və məntiqli suallara qonaq etməli idi. Biz uzun zamandır ki, bu kimi riyakarlıqlarla üz-üzə qalmışıq. Qoy indi cəmiyyət, ictimaiyyət nəticə çıxarsın”.