Tanınmış təhsil eksperti də deputat olmaq istəyir: “Onların həlli yollarını bilirəm”

Tanınmış təhsil eksperti, tarixçi Kamran Əsədov da növbədənkənar parlament seçkisinə namizədliyini irəli sürüb.  Sherg.az-ın xəbərinə görə, bu barədə təhsil eksperti özü məlumat verib. 

K.Əsədov bildirib ki, Milli Məclisə keçiriləcək növbədənkənar seçkidə 61 saylı Neftçala Seçki Dairəsindən namizədliyini irəli sürmək üçün sənədlərini DSK-ya təqdim edib: 

“Birinci mərhələdə sənədlərim qəbul edilib və indi ikinci mərhələdəyik. Böyük və peşəkar komanda ilə imza toplayırıq. Mən Neftçalada doğulub böyümüşəm. Neftçalalının problemlərini və onların həlli yollarını bilirəm. 10 ildən çoxdur ki, təhsil sistemindəyəm. Bu müddətdə minlərlə insan ona, bu və ya digər şəkildə kömək etməyimi istəyib. İmkanım və münasibətlərim daxilində əlimdən gələni etmişəm. Amma indi insanımıza daha geniş kömək etmək imkanı və səlahiyyəti istəyirəm. Sizlərə daha çox kömək edə bilmək, Neftçalamızı inkişaf etdirmək üçün namizəd oluram. Lakin bu, bir çoxlarını narahat edir. Məlumata görə, bəzi şəxslər mənə qarşı qarayaxma, şər, böhtan xarakterli kampaniyaya start veriblər. Onlar 2014-cü ildə mənə qarşı əsassız ittihamı əllərində bayraq edib danışırlar. Sonra deyirlər ki, 2015-ci ildə niyə nazirliyim təsdiq olunmadı. Ancaq hər iki məsələnin saxta olması ilə bağlı dəlil-sübutları təqdim etmişəm”. 

K.Əsədov təklif edib ki, namizədlər sivil qaydada platformalarını elan etsinlər, görə biləcəkləri işlərdən danışsınlar: 

“Qarayaxma kampaniyası fayda verməz. Heç kim və heç nə məni yolumdan döndərə bilməz".