Araz Əlizadənin xanımı hiddətləndi: "Hər bir insan xəstələnə bilər"


Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin müalicəsi davam edir. Bu haqda “Şərq”ə millət vəkilinin həyat yoldaşı məlumat verib. A.Əlizadənin mobil telefonuna edilən zəngi cavablandıran xanım medianın bu məsələyə diqqət ayrımasının anlaşılmaz olduğunu dedi: 

- Başa düşmürəm, bu qədər səs-küy nəyə lazımdır? Hər bir insan xəstələnə bilər, orqanizmində hansısa problem yarana bilər. 
Xanıma bildirdik ki, zəngimiz sırf humanist xarakter daşıyır. A.Əlizadə millət vəkilidir, ictimaiyyətdə tanınan şəxsdir. Onun səhhəti barədə məlumat almaq istəyi normal qarşılanmalıdır.  
Deputatın həyat yoldaşı bildirdi ki, hər şey yaxşıdır, müalicə davam etdirilir: “Şəxsi telefonu məndədir. Narahat edilməsin deyə, zənglərə özüm cavab verirəm”.  
Qeyd edək ki, ASDP sədri A.Əlizadə bir neçə gün öncə böyrək çatışmazlığı diaqnozu ilə “Caspian International Hospital”ın reanimasiya şöbəsinə yerləşdirilib.  
Deputatın əməliyyat edilməsi ilə bağlı yayılan xəbərlər isə təkzib edilir.