Digərləri dərs alsınlar: Korrupsiyalaşmış məmurlar ciddi cəzalandırılacaqlar - AKTUAL

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun, həmçinin Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun rüşvətxorluq və iri korrupsiya əməllərinə yol verdikləri üçün həbs edilmələri, ölkədə korrupsiyaya qarşı mübarizənin göstəricisidir. 

Qeyd edək ki, adı çəkilən məmurların rüşvətxorluğu ilə bağlı faktlar toplanılıb, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı onlar saxlanılıblar. 

Həbslərlə bağlı Sherg.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirdi ki, cənab Prezident korrupsiya ilə mübarizədə heç kimə güzəşt edilməyəcəyini dəfələrlə bəyan edib:



Əliməmməd Nuriyev: “Prezident etibar göstərib vəzifəyə təyin edirsə, məmur öhdəsinə düşən etibarı doğrultmaqdır. Vəzifəsinini öhdəsindən gəlmirsə, cəzalanmalıdır”


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçirdiyi görüşlər zamanı, həmçinin müşavirələrdə hər zaman bəyan edir ki, xalqın etimadını doğrultmayan, mövqeyindən sui-istifadə edən, tapşırılan vəzifənin öhdəsindən gələ bilməyənlər kimliyindən asılı olmayaraq cəzalanacaqlar. Korrupsiyaya qarşı mübarizə də amansız olacaq.

Bu fikirləri cənab Prezident yeni təyinat alan icra başçıları ilə görüşündə də bildirmişdi. Və demişdi ki, bəzi məmurların korrupsiyaya yol verdiyi, sahibkarları incitdiyinə dair onda məlumatlar var. Bununla cənab Prezident hər dəfə məmurlara da, ictimaiyyətə də, mesaj verir ki, heç kimə güzəşt edilməyəcək. Son həbslər korrupsiyaya qarşı aparılan mübarizənin tərkib hissəsidir. Ən doğru qərarı istintaq orqanları və məhkəmə verəcək. Amma bunu deməliyəm ki, məmurlar baş vermiş hadisədən dərs almalıdır. Heç kəsin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Kiçik-böyük məmur, fərqi yoxdur. Prezident etibar göstərib vəzifəyə təyin edirsə, məmur öhdəsinə düşən etibarı doğrultmaqdır. Vəzifəsinini öhdəsindən gəlmirsə, cəzalanmalıdır. Vəzifənin yüksəkliyi həm də cəzanın yüksəkliyini şərtləndirir. Çünki bu insanlar ictimaiyyətin də, Prezidentin də etimadını itirirlər, dövlət siyasətinin üzərinə kölgə salırlar. O yerdə ki, rüşvət hallarına yol verilir, dövlət büdcəsi mənimsənilir, əlbəttə, cəza olmalıdır”.