Nazilə Səfərlidən etiraf: "İllərdir həyat yoldaşımı..."

"ARB rəhbərliyi sağ olsun, ilk dəfə həyat yoldaşımla qapıdan eyni vaxtda çıxdıq"




Aktyor-aparıcı Ülvi Həsənli ARB telekanalındakı işindən uzaqlaşdırılıb. Buna səbəb sənətçinin sosial şəbəkədə yayılan intim görüntüləri olub. Belə ki, bir xanımla telefonla danışan və açıq-saçıq hərəkətlər edən Ülvinin videosu qız tərəfindən qeydə alınaraq, sosial mediada yayılıb.

ARB-də "Üçəlli" verilişinə aparıcılıq edən aktyoru şairə Nazilə Səfərli əvəzləyəcək. O, Axşam.az-a açıqlamasında məlumatı təsdiqləyib.
Qeyd edək ki, sözügedən proqramın digər aparıcısı isə Həsən Həsrətlidir.

Aparıcı olaraq ilk dəfə efirə çıxan şairə Nazilə Səfərli ilə əlaqə yaratdıq. Təəssüratlarını eksklüziv olaraq «Şərq»ə bölüşən şairənin maraqlı etirafları da oldu.

- Artıq aparıcı kimi efirə çıxırsız?

- Bəli, bu gündən aparıcı olaraq efirə çıxıram. Maraqlı, həyəcanlı və eyni zamanda məsuliyyətlidir.

- Necə oldu ki, verilişin aparıcılığını sizə etibar etdilər?

- Deməli, məni dünən ARB kanalının əməkdaşı İsa Şükürov yığdı, bildirdi ki, sizi ARB-dən axtarırlar, onlarla əlaqə yaradın. Təbii ki, nəyə görə məni axtarırlar deyə də suala ehtiyac duymadım. Bildim hər nəyə görə axtarsalar, xeyirlidir. Telefon açdım, məni ARB-yə dəvət etdilər. Elə dünən də ora getdim. Rəhbərlikdən Rəşad müəllim və baş prodüser otaqda mənimlə söhbət etdilər. Mənə aparıcılıq təklif olundu. Sözün düzü, bunu gözləmirdim deyə matım-mutum qurudu. Elə bildim yuxuluyam. Soruşdum ki, mənə aparıcılıq təklif edirsiz? Yəni düzmü eşitdim. Bildirdilər ki, bəli, biz istəyirik  aparıcı olaraq bizimlə çalışasız. Özümü toparladım. Yox deyə bilməzdim. Əvvəla təklifi dəyərləndirmək lazım idi, çünki çox əla təklif idi. ARB-nin rəhbərliyinə də, orda hər bir əməkdaşa da hörmətim, sayğım var. Yox deyə bilməzdim, çünki dəyərli təklif oldu. Sadəcə mənim səhər yuxudan durmaq problemim var. Mən axşam xınalardan, el şənliklərindən gec gəlirəm deyə səhərlər tez  yuxudan qalxa bilmirəm. Hələ biləndə ki, həftədə 5 gün səhər efirində olacam, bir az çaşqın qaldım. Amma dedim ki, bacaracam. Bir etirafı da edim ki, illərdir mən həyat yoldaşımı səhər işə yola salmamışam. Çünki o işə səhər gedəndə mən yatırdım. Bu illər ərzində ilk dəfə idi ki, biz qapıdan bir çıxırdıq və mən səhər yuxudan qalxırdım. Özüm üçün də maraqlı bir mənzərə alındı. Amma xoş bir hiss idi.

- Siz el şənliklərində aparıcı olaraq fəaliyyət göstərsəniz də efir məkanı bir qədər fərqlidir. İlk efir həyəcanı necə oldu? Özünüzü necə hiss etdiniz?

- Bəli, illərdir toylarımızda, xınalarımızda insanlar qarşısına çıxıram, danışıram, məclisi idarə edirəm. Yəni bu sahədə təcrübəm var. Sadəcə efir məkanı bir qədər fərqlidir. Siz də aparıcılıq edirsiz deyə, bilirsiz ki, kamera ilə işləmək, redaktorun qulaqcıq vasitəsilə sənə söz deməyi filan bunlar efirdə normaldı. Amma mənim belə təcrübəm yox idi. Ona görə də elə təklifi alanda dedilər ki, Nazilə xanım səhər efirdəsiz. Dedim necə yəni? Dedilər bəli, sabah səhər efirdəsiz. Bu axşam efirə hazırlaşmaq üçün məşq edək. Studiyaya daxil oldum, bir neçə saat məşq etdik, verilişə şapka, anons gecə yarısına hazırlandı. Səhər də ilk efirim oldu. Təbii ki, bu şəraiti mənə yaratdıqlarına görə mən ARB rəhbərliyinə böyük minnətdarlığımı bildirirəm. 



-  Efirdən çıxdınız özünüzə sözünüz nə oldu?

- Efir həyəcanı o qədər olmasa da, amma nə gizlədim, məsuliyyəti hiss etdim. Bilirsiniz ki, bir çox kanallarda efir 5-10 dəqiqə yubanmaqla tamaşaçıya təqdim olunur ki, birdən hər hansı yanlışlıq olsa, onu tamaşaçı eşitməsin, görməsin. Bizim efir 10 dəqiqə yubanmaqla olur. Efirə nəzarət edən dostumuz veriliş bitəndən sonra əlindəki ağ kağızı göstərdi ki, təmizdi, bir saniyəlik belə efirdən çıxarılacaq məqam olmayıb. İlk efir günü əgər bunu bacardımsa, deməli, qənaətbəxş hesab etmək olar. 

- İndiyə qədər aparıcı olmaq arzunuz olubmu, ya sadəcə təklif gəldi dəyərləndirmək istədiniz?

- Nə yalan deyim. Aparıcı olmaq mənim illərdir arzum idi. İstəmişəm efirdə aparıcı kimi çıxış edim. Bir neçə dəfə cəhd də etmək istədim, dedilər kommersiya marağımız olmalıdır, sponsor tapmalısız filan. Yəni bu təklif həm də mənim arzularımdan birinin  gerçəkləşməsi idi. Bir etirafı da edim. İllərdir  çalışıb pul qazanmışam, heç kimdən sosial baxımdan asılı bir qadın deyiləm, yəni dolanışığım olub.  İllərdir qazanmışam, amma heç  vaxt əmək kitabçam olmamışdı. İlk dəfədir əmək kitabçam açıldı. Ey  millət, mənim artıq əmək kitabçam var (gülür). İnanın səmimiyyətimə ki, bu da fərqli hissdir. Mən əlimə əmək kitabçasını götürəndə fərqinə vardım ki, illərdir işləsəm də, mənim heç vaxt əmək kitabçam olmamışdı. İnanın bu sevinci yaşamaq də fərqli duyğudur. Mən bu hissləri yaşadığım üçün, bu məsuliyyətli işi mənə etibar etdikləri üçün ARB rəhbərliyinə təşəkkür edirəm. Ordakı hər kəs komanda şəklində çalışır, bir evdə necə hamı istəyir ki, ailənin işi yaxşı getsin, nüfuzları yüksək olsun. Mən komanda birliyini  məhz ARB-də ilk iş günümdən hiss etdim. Allah hamıya ürəyinə görə yetirsin, hər kəsin işi avand olsun.