Biri tərbiyəsiz, digəri “dişsiz”dir - Tələbə müəllimlə məzələnirsə, günah hər iki tərəfdədir - AKTUAL

Bir neçə gün öncə universitetlərin birində tələbələr tərəfindən çəkilmiş video görüntü sosial şəbəkələrdə səs-küyə səbəb oldu. Belə ki, dərs zamanı tələbələr müəllimi ələ salaraq xoşagəlməz davranış sərgiləyiblər. 

Geniş müzakirə predmetinə çevrilən hadisədə əksəriyyət gəncləri əxalqsız davranışlarına görə sərt tənqid ediblər. Buna baxmayaraq bir çoxları günahın müəllimdə olduğunu və belə bir şəraiti özünün yaratdığını da qeyd edib.

Tanınmış jurnalist Orxan Məmmədli hadisə ilə bağlı feysbuk səhifəsində fikirlərini bölüşərək bildirib ki, hələ orta məktəb vaxtından şagirdlərə etik davranış qaydalarını aşılamaq üçün müvafiq fənn tədris olunmalıdır:



Orxan Məmmədli: “Danışıq, müraciət, oturuş - hamısı ibtidai mərhələdədir”


“Yadımdadır ki, "Etiket qaydaları" kiçik, ağ üzlü nazik kitab idi. Amma böyük formatda olanı da var. Kitabda səhv etmirəmsə bəzi "protokol qaydaları" da vardı. Düşünürəm, onu fənn kimi tədris etmək lazımdır. İctimai nəqliyyatda, iaşə obyektlərində, hətta qonaq getdiyiniz evlərdə yeniyetmə nəsilin tərbiyəsiz hərəkətləriylə rastlaşmamış olmazsız. Danışıq, müraciət, oturuş - hamısı ibtidai mərhələdədir”.

Baş verənlərlə bağlı fikirlərini Sherg.az-la bölüşən ekspertlərin gəldiyi ortaq məxrəc isə budur ki, orta məktəblərdə şagirdlərin gözü önündə maddi məsələlərin qabardılması gələcəkdə onların bu cür davranmalarına şərait yaradan əsas səbəbdir.



Nabatəli Qulamoğlu: “Uzun illik pedoqoji təcrübəmdən bunu deyirəm ki, tələbələr hər müəllimlə zarafat edə bilmirlər”


Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bildirib ki, müəllimin və şagirdin etik davranış qaydaları Təhsil Nazirliyinin əmri ilə müəyyən olunub:

“Həmin etik davranış qaydalarında bizi qane etməyən bəzi müddəalar var ki, onlar müəllimin azadlığını müəyyən qədər pozurdu. Eyni zamanda şagirdlərin etik davranış qaydalarını əks etdirən yazı, məktəbin ən görkəmli yerinə asılmalıdır. Sözügedən hadisənin baş verməsində səbəblər müxtəlifdir. Bizim hər birimiz ictimai məhsuluq, insan varlıq kimi ictimai məhsuldur. Yəni, ictimaiyyətdən gələn bütün etik qaydaların, davranışların hamısı insana əsasən cəmiyyətdən gəlir. Hazırda ictimai durumumuzun nə gündə olduğunu açıq-aşkar görürük”.

N.Qulamoğlunun sözlərinə görə, müəllimin özündən də çox şey asılıdır:

“Müəllim lağ-lağı və gülüş obyekti olmağa razı olursa, deməli özünün günahı var. Məsələn, ola bilsin ki, müəllim uşaqların yanında “gözü kölgəlidir”, ya özünə layiq davranış sərgiləmir və uşaqlar onu məsxərəyə qoyurlar. Özünə, biliyinə, savadına, davranış qaydalarına güvənən müəllimə şagirdlər sataşa bilməz. Uzun illik pedoqoji təcrübəmdən bunu deyirəm ki, tələbələr hər müəllimlə zarafat edə bilmirlər. 

Məktəb özü kiçik bir ictimaiyyətdir. Hər kəsə bəllidir ki, məktəbdə nələr baş verir. Şagirdin gözü qarşında  alver gedir, pul yığılır, biri deyir “5 manat əskikdir, onu hökmən gətirərsən. Sabah gətirməsən məktəbə gəlmə” və.s. Bütün bunların hamısı hələ orta məktəbdən şagirdlərə təsir edib. Şagirdlər isə bir növ streslərini belə müəllimləri lağa qoymaqla çıxarırlar. Bütövlükdə cəmiyyətin təsiri olmasa, belə xoşagəlməz hallar həll ediləsi deyil. Bəlkə yüzlərlə məsxərəyə qoyulan müəllimlər var. Nə qədər ki, cəmiyyətimizdə ağa, qara, qaraya isə ağ deyəcəklər, təbii ki, belə məqamlar gözləniləndir”.



Əhməd Qəşəmoğlu: “Bütün tələbələrim başa düşürlər ki, mən onlarla öz nəvələrim arasında fərq qoymuram”


Sosioloq-alim Əhməd Qəşəmoğlu deyib ki, sözügedən hadisə ilə bağlı o qədər mürəkkəb vəziyyət yaranıb ki, biz illərdir olanları başlı-başına buraxmışıq:

“Sovet dönəmində heç olmasa, sovet təhsil sisteminin özünün tələbləri var idi. O zaman vəziyyət indiki dövrə nisbətən yaxşı idi. İndi isə lap bərbad vəziyyət yaranıb. Belə halların baş verməsinin bir çox səbəbləri var. Əvvəla onu qeyd edim ki, hər müəllimə qarşı bu cür hərəkəti edə bilməzlər. Mənim dərs dediyim qrupda heç vaxt belə hadisə baş verə bilməz. Dərs dediyim tələbələrə qədim zamanın metdoları ilə etik qaydaların nələrə icazə verib-vermədiyini aşılamaq mümkün deyil. İndi cəmiyyət mürəkkəbləşir, elə etmək lazımdır ki, tələbənin öz potensialını hərəkətə gətirəsən və özü sənə kömək etsin. Bu, artıq müasir dünyanın tələbləridir. Ona görə də tələbə əvvəla hiss etməlidir ki, müəllim onu övladı kimi sevir. Bütün tələbələrim başa düşürlər ki, mən onlarla öz nəvələrim arasında fərq qoymuram. Tələbələrim də mənim mənəvi nəvələrimdir, onlar bu sevgini duymalıdırlar. Bilməlidirlər ki, müəllim onlara nə barədəsə danışırsa sevgi ilə danışır onları təhqir etmək üçün yox”.

Sosioloq bildirib ki, müəllimlərimizin bir çoxunu yenidən maarifləndirmək lazımdır:

“İndiki zamanda pedoqoji sistemimiz dəhşətli problemlər içərisindədir. Çünki bir çox yaşlı müəllimlər istəyirlər ki, qədim metodlarla dərs desinlər, amma indiki zamanda bu metdolar keçərli deyil. Orta məktəblərdəki müəllimlər də yaxşı vəziyyətdə deyil. Ürəyi yana-yana deyirəm və bu məsələ gizlin deyil, hətta ölkə başçısı da deyirdi ki, pedoqoji institutlarımız rüşvət mənbəyi olmuşdu. Rüşvətlə instituta girirdilər və rüşvət verə-verə bitirirdilər. İndiki müəllimlərin bir çoxu rüşvətlə oxuyublar və biz arzu etdiyimiz müəllimlər deyillər. Ona görə də onlar özlərini müəllim kimi aparmağı o qədər də yaxşı bacarmırlar. Təcili tədbir olaraq bir tərəfdən müəllimlərin özünü hazırlamaq lazımdır. Digər tərəfdən yaşı çox olan müəllimlərin pensiyaya çıxması lazımdır. Tanıdığım müəllim var və yaşı 85-dir. Amma peşəsinə son qoymaq istəmir. Dərs üçün içəri girir və gülünc vəziyyətə düşür. Bir dəfə ondan soruşdum ki, niyə peşəsinə yenə davam edir. Söylədi ki, “xəstəm var, maaş lazımdı”. Müəllimlərin sosial müdafiəsini artırmaq və hökmən onları pensiyaya göndərmək lazımdır. O adam ki, girib auditoriyada dərs deyə bilmir, onu universitetə buraxmaq düzgün deyil, buna da nəzarət etmək lazımdır”.



Uşaqların tərbiyəsiz davranışına gəlincə sosioloq vurğulayıb ki, insanın davranışına təsir edən 4 faktor var:

“Bu faktorlardan biri insanın fitrətidir, yəni gendən gələn potensialıdır. Daha sonra mühit, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlərdir. Biz tələblərə etik qaydaları öyrətməklə onlara yalnız bir informasiya veririk və 4 faktor yaddan çıxır. Xalqımız fitrəti etibarı ilə pis xalq deyil. Başqa xalqlar tərəfindən də deyilib ki, azərbaycanlıların müsbət tərəfi çoxdur, ona görə də fitrət tərəfdən problemimiz yoxdur. Problem digər 3 faktordadır. Bizim bu dəqiqə təhsil ocaqlarında məktəb mühiti yoxdur. Böyük bəlamızın biri budur. Şagird məktəbə girəndə hiss etməlidir ki, o müqəddəs bir mühitdədir. Məsələn, Qori Seminariyası niyə bu qədər dahi insanları yetişdirdi? Çünki orada tədris mühiti var idi. Bizdə isə müəllim içəri girən kimi şagirdə deyir ki, “valideyninə denən filan məsələ üçün 5 manat göndərsin” ”.

Ə.Qəşəmoğlu qeyd edib ki,  informasiya olaraq, yəni ədəb qaydaları fənn kimi sentyabrın 15-dən 1-ci siniflərə öyrədilməlidir:

“Uşaq da böyüyənə qədər bu qaydaları dərk etməlidir. Amma qaydaları hansı müəllim öyrədəcək? Rüşvətlə universiteti bitirib gəlmiş müəllim? Heç onun özü ədəb qaydalarını yaxşı bilmir. 

Üstünlük verilən dəyərlər də çox önəmlidir. Hər zaman bütün ölkəni idarə edən və problemləri tənzimləyən faktor üstünlük verilən dəyərlərdir. İnsanlar, şagirdlər, tələbələr mənəvi dəyərlərə üstünlük versələr, hər şey öz-özünə tənzimlənəcək. Mənəvi dəyərlər arxa plana keçəndə eybəcər vəziyyət yaranır. Təəssüf ki, məni kimi yaşı 60-ı keçən adamlar sovet rejimi olsa da, mənəvi dəyərlərə üstünlük verirdik. İndi isə ali təhsil ocağına ayaq basanlardan bəziləripaltarı ilə, bir çoxları gəldiyi avtomobillə, bir qisim isə müəllimə verdiyi hədiyyə ilə özünü nümayiş etdirir. Mənəvi dəyərlər məhv olur. Ona görə də məktəblərdə yalnız etik qaydalarla bağlı fənni tədris etməklə nəyəsə nail olmaq mümkün deyil”.