Hüseyn Arifin Nizami Cəfərovla zarafatı: “Sən bu ölkənin ən böyük tənqidçisisən!”

Mərhum xalq şairi Hüseyn Arif gözəl şeirlər müəllifi olmaqla yanaşı, çox baməzə insan olub. Hətta onun zarafatlarından ibarət “Hüseyn Arifin lətifələri”adlı kitab da dərc olunub. Kitab oxucuların marağını cəlb edə bilib. Hüseyn Arifin maraqla qarşılanan dialoq və zarafatlarından biri akademik, millət vəkili Nizami Cəfərovla yaşanıb. H.Arifin "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor kimi çalışdığı bir dövrdə Nizami Cəfərov onun qəbuluna gəlir. Həmin vaxt xalq şairi Nəriman Həsənzadə də H.Arifin yanında olub və N.Cəfərovu H.Arifə təqdim edib:
-Bu oğlan da qazaxlıdı
-Nə yaxşı gəlib? Budamı şeir yazır?- H.Arif soruşur.
-N.Həsənzadə dillənir:
-Yox, qağa tənqidçidi.
-Mənim tənqiddən və tənqidçidən heç xoşum gəlmir - deyib N.Həsənzadə ilə başqa məsələdən söhbət açırlar. 

Bu cavabdan sonra N.Cəfərov kənarda dayanıb, onların söhbətlərinə qulaq asır. Həmin vaxt H.Arifin "Xalq şairi" fəxri adına layiq görülməsi ilə bağlı ciddi gözləntisi var imiş. Və bunu da N.Cəfərov yaxşı sezə bilibmiş. Söhbət əsnasında N.Cəfərov deyir ki, ay Hüseyn qağa "Xalq şairi" fəxri adına ən layiqli namizəd sizsiniz. Bu sözləri eşidən H.Arif bir neçə dəqiqə əvvəl bəyənmədiyi tənqidçi haqqında görün nə deyir:
"Sən bu ölkənin ən böyük tənqidçisisən!"

Qeyd edək ki, bunu N.Cəfərov ötənlərdə İTV-də Hüseyn Arifə həsr olunmuş verilişdə ərz edib.