Fazil Mustafanın fikri dəstəkləndi: "Yeniyetmələrin siqaretə, narkotikaya meyli artıb"

Milli Məclisin 5-ci çağırış deputatı Fazil Mustafa feysbuk səhifəsində maraqlı paylaşım edib. O bildirib ki, ABŞ Konqresi tütün məmulatlarını satın alma yaşını 18-dən 21-ə qaldıran qanun qəbul edib:

“ABŞ Konqresinin qəbul etdiyi bir sıra siyasi xarakterli qərarlara etiraz bildirsək də, bu qərarın Azərbaycan üçün də faydalı olacağını düşünürəm. Kim nə deyirsə desin, siqaret cahilliyin əsəridir, öz yaradılış mahiyyəti haqqında sağlam bilgisi olan və məsuliyyətli insan ola bilməz ki, siqaret və ya qəlyan aludəçisi olsun. Gənc yaşlarında isə fors üçün, yeniyetməliyin təsdiqi üçün mənimsənilən bu axmaq vərdiş sonradan narkomaniyaya keçid üçün münbit şərait yaradır. İki cür insan tipinin həyatda hansısa fayda qazandığını eşitmədim, duymadım. Bunlardan birincisi narkotik aludəçisi olanlardır, ikincisi isə qumar oynamağa meyl göstərənlərdir. Ona görə də bizdə də siqaret satın alma yaşının 21-ə qaldırılması, enerji içkilərinin qadağan olunması, 21 yaşından aşağı gənclərə qəlyan satılmasının qadağan olunmasını nəzərdə tutan qanunların qəbul olunmasını zəruri sayıram. Anlayıram ki, seçki ərəfəsində bu təklif bir çox insanları narazı salacaqdır, ancaq mənim nə seçkiyə, nə də siyasətə görə hamının xoşuna gələcək populist mövqe sərgiləmək fikrim olmadı, bundan sonra da olmayacaq. Mən sadəcə öz iradəmin yetmədiyi davranışları haçansa kimsəyə tövsiyə etmədim. Əsas sağlam gələcəyimizdir. İnanın ki, Qarabağ üçün fədakarlıqdan da öncə özümüzü, vücudumuzu tərbiyə etmək üzərində düşünməliyik”.



Əliməmməd Nuriyev: "Doğrudan da tütün məmulatlarının satılması ilə bağlı yaş həddinin yüksəldilməsi çox yaxşı olardı"


“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti  Əliməmməd Nuriyev Sherg.az-a açıqlamasında bildirib ki, eyni qanunun ölkəmizdə də qəbul edilməsinə ehtiyac var:

“Ümumiyyətlə, tütün məmulatlarının ziyanı haqqında hər zaman çox danışılıb. Eyni zamanda bu ziyanların hansı miqyasda olması ilə bağlı nəticələr də var. Keyfiyyətli tütünlə bağlı bir sıra problemlər mövcuddur. Daha çox müxtəlif maddələrdən süni olaraq tütünün alınması prosesi gedir. Bu isə insan orqanizmini dəhşətli dərəcədə zədələyir. Hesab edirəm ki, xüsusilə kövrək orqanizm və yeniyetmə yaşda siqaret istifadə olunursa onların səhhətinə daha ağır təsir göstərir. Bütün bunlar ölkədə demoqrafik vəziyyətin də pisləşməsinə səbəb ola bilər. Səhiyyə sahəsində çalışan mütəxəssislər çoxdan həyəcan təbili çalırlar. ABŞ kimi ölkədə çoxsaylı tədqiqatlar aparılması nəticəsində bu qənaətə gəlinir. Ona görə də qanunun qəbul edilməsi çox əhəmiyyətlidir. Fikrimcə, Azərbaycanın da bu istiqamətdə qərar qəbul etməsində yarar var. Son illər yeniyetmələr arasında siqaret çəkmə, narkotikdən istifadə halları çoxalır. Əslində ölkəmizdə tütün məmulatlarından istifadə ilə bağlı qanun qəbul edilmişdi. Amma bu qanun icra olunmur. Mövcud qanunların icrası ilə bağlı ciddi problemlərimiz var.  Ümumiyyətlə, ölkəmizdə belə qanunun qəbul edilməsini dəstəkləyirəm. Hesab edirəm ki, doğrudan da tütün məmulatlarının satılması ilə bağlı yaş həddinin yüksəldilməsi çox yaxşı olardı”.