Azərbaycanlı model: "Həyat yoldaşımın qədrini onu itirəndən sonra anladım" - MÜSAHİBƏ

"Mən qadın olaraq çox əziyyət çəkmişəm. Kim nə deyir desin, qadın zərifdir. Yükü ağır olanda dözə bilmir. Bir gün həyatdan yorulur"



"Əgər sevə bilsəm, həmin bəy mənim qarşıma "peşə, ya ailə" seçimi qoysa, dərhal ailəni seçərəm"



Adətən tanınmış xanımların həyatı həm maraqlı olub, həm də onların yaşam tərzi kənardan qlamur görünüb. Kimisi o qlamur həyatı yaşayıbsa, kimisi də qlamurdan kənarda qalıb. Efirdə olan tanınmış xanımların da həyatına adətən qısqanclıqla yanaşırlar, onlara qibtə edir, bəzən hətta onlar kimi olmağa can atırlar. Bəs efirdəki qadınların hamısı göründüyü qədər dəbdəbəli, qibtə olunası həyata sahibdirmi? 

Sualımıza tanınmış aparıcı, model Lalə Mustafayeva cavab verir. «Şərq»in qonağı olan Lalə Mustafayevanın maraqlı etirafları və insanı təsirləndirən cavabları oldu.

 - Tanınmış xanımsız. Adətən kənardan sizin kimi xanımların həyatına qibtə aparırlar.

- Azərbaycanda azdan, çoxdan tanıyan var (gülür). Hərdən həqiqətən tanınmış xanımlara aşırı dərəcədə qısqanclıq var. Bunu hiss etmişəm. Mənə o qədər paxıllıq edən, qibtə aparan olub ki. Yaxşı bir el misalı var - "İçim özümü yandırır, çölüm özgəni".

- Vaxtilə model kimi də çalışmısan, gözəllik müsabiqəsinə qatılmısan. Qadın olaraq özünü ideal hesab etdiyin dönəm olubmu?

- Bilirsiz, bunlar nisbidir. Kimsə özünü ideal hesab edirsə demək ki, təfəkküründə problem var. Mən heç vaxt ideal olduğumu iddia etməmişəm. Gözəlliyimlə də kimisə əzməyə çalışmamışam. Xarici görünüşümdən tutmuş xarakterimə qədər özümdən tam razı olduğumu söyləyə bilmərəm. Amma əsas, mən həmişə özüm olmuşam. Bununla fərqlənməyi bacarmışam. Əgər mənə bir qadın olaraq maraq olubsa fərqli olduğumdandı. 

- Necə kişilər sizi maraqlandırır?

- Bilmirəm, bəlkə də dediyim qıcıq yarada bilər, oxuyan qınayacaq. Amma özüm sakit təbiətli qadın olmamışam, çılğınam deyə sakit təbiətli kişi ilə də yaşaya bilmərəm. Evdə oturan kişi ilə həyatımı qura bilmərəm. 

- Həyat yoldaşınızı itirmisiz?

- Həyat yoldaşım rəhmətə gedib. Onun ruh dünyasına bağlı olmuşam. Yoldaşım dünyasını dəyişsə də, elə bilirəm ki, hələ də sağdır. Hətta aramızda yaş fərqi də olub. Adətən xanımlar ərlərindən kiçik olurlar. Bizdə tərsinə olub. Həyat yoldaşım məndən iki yaş kiçik olub.  Mən 1977-ci ildənəm. Buna baxmayaraq, bütün xüsusiyyətləri - kişiliyi, mərdliyi, pul qazanmağı ondan gördüm. Gözəl insan və dost idi. Mənim üçün bunlar bir arada olmalıdır.

- Yəni həm də həyat dostunuzu itirmisiz?

- Əslində həqiqətən o mənim dostum idi. Mən onun ölümü ilə dostumu da itirmiş oldum.  



- Nə zaman o boşluğu hiss etdiz?

- İnsan qəribə bir varlıqdır. Var olanın qədrini itirəndə anlayır. Mən də həyat yoldaşımın qədrini onu itirəndən sonra anladım. Həqiqətən onun qədrini öləndən sonra bildim. Çox peşmanam. 

- Taleyinizi dəyişə bilsəydiniz, onunla bir gün danışmaq imkanınız olsaydı, ona deməyə sözünüz varmı?

- Əlbəttə olardı. O qədər deməyə sözüm var ki. Mən ona zaman ayıra bilmirdim. Buna peşmanam. Mən xoşbəxtliyimin fərqində olmamışam. İşimə çox vaxt ayırırdım. Elə bilirdim biz gəncik, hər şey qarşıdadır. Hətta o, övlad istəyəndə  məsləhət gördüm ki, tələsməyək. Yoldaşım uşaq istəyəndə, dedim ki, Əziz, hər şey qarşıdadır. Uşaq dünyaya gətirmək üçün hələ zamanımız var. Gəncik, hər şey gözəl olacaq. Axı nə biləydim ki, xoşbəxtlik əlimdədir, mən onu görə bilmirəm. Bir də nə biləydim ki, belə olacaq? Belə olacağını bilməzdim axı. O insanın mənə o qədər böyük sevgisi, inamı olub ki, işimə qarışmırdı. Sevdiyi qədər də güvənirdi mənə. Mən də onun başını heç vaxt aşağı etməmişəm.

- Bəs niyə ikinci dəfə ailə qurmadınız?

- Onun kimi insan qarşıma çıxarsa, yenidən ailə quraram. Hansı qadın tək qalmaq istəyər ki? Hər qadın arzular ki, həyatda güvəndiyi biri olsun. Sadəcə o, hər qadına nəsib olmur.

- Əgər sizə evlilik təklifi edən şəxs Laləni seçim qarşısında qoysa və qərarı verməyə məcbur qalsanız necə?

- İnanın səmimiyyətimə ailəni seçərdim. Bilirsiz niyə? Çünki mən qadın olaraq çox əziyyət çəkmişəm. Kim nə deyir desin, qadın zərifdir. Yükü ağır olanda dözə bilmir. Bir gün həyatdan yorulur. Əgər sevə bilsəm, həmin bəy mənim qarşıma "peşə, ya ailə" seçimi qoysa, dərhal ailəni seçərəm.

- Xanımlar bəzən rəfiqələrindən ehtiyat edirlər, çünki xəyanət görürlər, dostlarınız varmı?

- Deyim ki, həyatda rəfiqələrim var, yalan olar. Hörmət etdiyim, ünsiyyət qurduğum xanımlar var. Amma böyük mənada dostum yoxdu. Kişilərlə dostluğa daha çox üstünlük  verirəm. Onlar insanı az hallarda yarı yolda qoyur. Heç zaman qadınla dost olmaram. 

- Bu gün sosial media üzərindən məşhurlaşmaq asanlaşıb. Hərə bir şəkildə ordan məşhur olmağa can atır.

- Bu gün sanki həyat o laykların, aypilərin üzərində qurulub. Hamı özünü ordan tanıtmağa çalışır. Hətta bizə min söz deyib, barəmizdə min şayiə yayan ev xanımları belə ordan məşhur olmağa can atır. Sənət adamlarını yenə anlamaq olur. Bir də indi məşhur olmaq üçün istedad vacib deyil ki. İstedadı olanları onsuz da sevmirik. Biz soyunanlara, qalmaqallara üstünlük veririk. İnstagramda "fanat ordusu"nu pulla alıb yaradırlar. Ondan sonra efirə çıxırlar. Biz efirə çıxanda böyük məktəb görürdük, karifeylərdən dərs alırdıq. Bundan sonra efirə aparıcı kimi çıxırdıq.



- Televiziya fərqli bir məkandır. Bura gələn bir də burdan gedə bilmir.

- Televiziya mənə çox doğmadır. 5 yaşımdan AzTV-də çalışmışam. 2 dəfə Azərbaycan gözəli seçilmişəm. İndiki aparıcılara heç nə deyə bilmərəm. Çünki mən ancaq peşəkar aparıcılarla rəqabət apara bilərəm. Çünki gənclərin bəziləri nə iləsə tutuzdurur. Çoxu soyunmaqla tutuzdurur. İndi hər kəs - istər müğənnisi, istərsə də aparıcısı soyunur. İnstagramda soyunurlar və guya, bunları sevirlər. İndi hamı aparıcı ola bilir, iki mahnı tapıb hamı oxuyur, efirə də hamı çıxa bilir. Bizim dövrümüzdə efirə çıxmaq o qədər asan deyildi. 

- Hazırda işsizsən deyəsən?

- İşsizəm. Adətən işləməyi sevirəm. Amma hərdən həyatda bu çətinliklər də olur. Bayaq söhbətin əvvəlində olan söhbətə qayıtmış oluram. Kənardan bizim həyata baxıb qibtə edirlər. Amma göründüyü kimi kefli həyat yaşamırıq. Yəni efirdə olan hamı rahat yaşamır. Bizim də problemlərimiz, çətinliklərimiz  var. Bəzən bizim də maddi sıxıntılarımız olur. Əvvəl efirdən əlavə toy filan olurdusa, sağ olsun bəzi aparıcılar, müğənnilər, o tərəfdən də yolumu kəsirlər. Bilmirəm kimin bostanına daş atmışam. Niyə belədir bilmirəm, adımı eşidən bəziləri narahat olur.

- Model üçün ailə qurmaq çətin olmur?

- Rusiyada, Türkiyədə kişilər üçün modellə evlənmək xoşbəxtlikdir. Bizdə isə kişilər modellə evlənməyə utanırlar. Evlənəndə də qarşısına şərt qoyurlar ki, o həyat qaldı keçmişdə. Olursan evdar qadın.

- Bizdə modellərin çox dar çərçivəsi var...

- Elə ona görə də mən aparıcılığa keçdim. Hər halda uğurlu model olmuşam ki, məni televiziyaya dəvət ediblər və artıq peşəkar aparıcıyam. Amma yenə də konsert aparanda mən özümü podiumda hiss edirdim.

- Nə əcəb aktrisa kimi özünüzü sınamadınız? 

- Əslində aktrisa olmaq istəyim olub.  Amma nə yalan deyim, teatra dəvət edən olmayıb. 

- Özünüz də cəhd etmədiniz?

- Mən hara cəhd edirəm ki? İnanın ki, heç yerə, heç kimə üz tutmamışam. Ancaq istəyim olub. Azərbaycanda məndən çox klipə çəkilən olmayıb. 15 klipə, 4 filmə çəkilmişəm. Moskvada "Dronqo" kimi filmə çəkilmişəm. Amma heç yerdə reklam etmirəm.

- Həmkarlarınızla münasibətləriniz necədir?

- Mən əminəm ki, onların çoxu mənə nifrət edir. Bu gün efirdə olmadığıma görə də çox sevinirlər ki, meydan boş qalıb. Soruşuram, bununla nə əldə edirsiz? Populyarlıq? Ya seksi olduğunuza sərgiləyən layk? Xanım aparıcıya cazibədar, ağıllı, savadlı, yaraşıqlı, zövqlü deyərlər. İndikilərin çoxuna bu söz deyilmir, əvəzində seksi deyirlər, onlar da bundan qürurlanırlar.

- Sizin də efirə fərqli obrazlarda çıxdığınız vaxtlar olub...

- Hətta buna görə başım da ağrıyıb, peşman da olmuşam. Bilirsiniz, mənə hər veriliş üçün fərqli obraz təklif olunurdu. Amma təqdimatdan da çox şey asılıdır. Mən şortik geyinəndə də, onu elə təqdim edirdim ki, vulqar, erotik olmasın. Yəni ki, mənim heç vaxt ekrandan kişini cəlb etmək kimi məqsədim olmayıb.

- Efirdən niyə getdin?

- Mən apardığım verilişlərdə böyüdüm. 7 il durmadan işləyəndən sonra özümü daha böyük layihələrə hazır hiss edirdim. Amma gördüm ki, təzə peyda olub ora-burasını açan aparıcılara daha çox üstünlük verilir. Bu, paxıllıq deyil. Sadəcə özümə dəyərimi çatdırdım. Aparıcılıq təcrübəsi olmayanlar gündəlik şoular aparırlar və mən 20 dəqiqəlik efirlə kifayətlənməliyəm? 



- Yəni birdəfəlik getmisiz efirdən. Bu bir sitəm deyil ki?

- Yox, qətiyyən. Demirəm, efirdən birdəfəlik getmişəm. Bəlkə bu müvəqqətidir, indi dəqiq bir söz deyə bilmirəm. Bir vaxtlar məni aparıcı kimi bəyənməyənlər indi efirdə özlərini mənə oxşadırlar. Efirdən mənim geyimimə lağ edənlər, şortikimi tənqid edənlər bu gün çarpayıda uzanıb veriliş aparırlar.

- Deyirsiz həyat sizi çox sınaqlardan keçirdib. Yaxşı, bundan sonra Lalənin həyatdan umduğu nədir?

-  Ana olmaq. Ancaq bir umacağım var -  Qadın kimi xoşbəxt olmaq istəyirəm. Həqiqətən həyat insana dərs olur.  Beş il əvvəl mənə belə sual verəndə deyirdim, peşəm hər şeydən öncə gəlir. İndi isə deyirəm ki, şəxsi həyatım birinci yerdədir. Qadın olaraq yaşamaq istəyirəm bundan sonra. Qadın olduğumu hiss etmək istəyirəm. Çoxmu böyük istəkdir? Yəqin ki, qadın kimi yaşamağa mənim də haqqım çatır.