“JEK”lərsiz yaşamaq mümkündür – VƏTƏNDAŞ İDARƏÇİLİYİ

Vətəndaşlar özləri mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti adı altında bir qurum yaratmalı və idarəçilikdə iştirak etməlidirlər



“JEK”lər nə işə baxır? Əhalinin böyük əksəriyyəti bu sualı özünə verir və heç bir cavab da tapmır. Amma Mənzil İstismar Sahələri hələ də var və onlar əslində heç bir iş görmədikləri halda sakinlərdən ödəniş tələb edirlər və yaşayış binalarının bloklarına, mənzillərin qapılarına “ödəniş etməsəniz, işığınız kəsiləcək, suyunuz kəsiləcək” və sair elanlar yapışdırırlar. Sakin elektrik enerjisinə, suya, qaza görə ödənişi smart-kartla ödəyirsə, niyə bunlardan məhrum olmalıdır? 

Yaxud, “JEK”lər hansı işi görür ki, əhalidən ödəniş tələb edir? Vəziyyət qəlizdir. “JEK”lər həm var, həm də yoxdur. Halbuki, 2009-cu ildə “Mənzil-İstismar Sahəsi” adlı qurum rəsmən ləğv olunub. Amma sovet dövrünün yadigarı olan “JEK” hələ də özlərini mənzillərin idarəçisi kimi aparır. Zibil pulu yığır, lift pulu yığır (lift də olsa əgər). Sakinlərsə narazıdır və zibili özlərinin atdığını, lift xarab olanda pul yığıb usta çağırdıqlarını, blokların “iliç lampası”nı da özləri alıb taxdıqlarını deyirlər.   



“JEK”lər əhaliyə xidməti müqavilə əsasında göstərməlidir. Müqavilə yoxdursa, ortada qanunsuzluq var


"Bələdiyyələrin Fəaliyyətinin Təbliği" Birliyinin sədri Vüqar Tofiqli bildirdi ki, 2009-cu ildə qüvvəyə minən Mənzil Məcəlləsində “JEK”lərin mənzil idarəçiliyində iştirakı nəzərdə tutulmayıb. 

Ümumiyyətlə, belə bir qurumun mövcudluğu da yoxdur. Orada çoxmənzilli binanın üç idarəetmə forması göstərilib. Bina sakinləri ya binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə, ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, ya da idarəedici təşkilat tərəfindən idarə edilməsi üsulu seçməlidir. Məcəllənin əsas qayəsi ondan ibarətdir ki, burada sakinlər özləri qərar verməli, yaşadıqları binanın idarəetməsini seçməlidirlər. Ancaq sakinlərin istəyi nəzərə alınmadan hələ də “JEK”lər onlara xidmət edir.

Halbuki, sakinlər “JEK”lərə heç bir vəsait ödəmək məcburiyyətində deyillər: 


- “JEK”lər əhaliyə xidməti müqavilə əsasında göstərməlidir. Müqavilə yoxdursa, ortada qanunsuzluq var və burada hər hansısa bir ödənişdən söhbət belə gedə bilməz. 

Hər bir vətəndaş sahib olduğu əmlaka görə vergisini ödəməlidir. Bu, yaşadığı evinin bazar dəyərinin 0.01 faizini təşkil edir. Əmlak vergisi evin bazar qiymətinə uyğun təyin edilir. Ev sahibi həmin pulu ərazi üzrə bələdiyyəyə ödəməlidir. “JEK”lərsiz yaşamaq tamamilə mümkündür. Vətəndaşlar özləri mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti adı altında bir qurum yaratmalı və idarəçilikdə iştirak etməlidirlər. Burada heç bir problem yoxdur. Sadəcə bələdiyyələrin tam elektronlaşdırılmaması bir sıra problem yaradır. JEK-lər ləğv edilmiş bir strukturdur. Ancaq onlar da binanın bloklarının təmizlənməsi, fasadın təmiri və s. işləri görür. Çox təəssüf ki, “JEK”lər bu işlərin öhdəsindən layiqincə gələ bilmir.

Əgər MİS-lərin yığdığı pulla binanın həyətində heç bir iş görülmürsə, sakinlər özləri bir cəmiyyət yarada, ora bina sakinlərindən birini rəhbər təyin edə bilər. Sakinlər zibil pulunu ödəməkdən imtina edib daşınmanı və təmizləməni öz üzərinə götürə bilər. İndiki halda qanunvericilik buna imkan verir.
Son olaraq qeyd edim ki, qanunvericiliyə görə, bələdiyyələr bu işi artıq qurmalı idilər. Bələdiyyələrin bu işi görməsi üçün isə mütləq dövlət sifarişi olmalıdır.