"Jurnalist çox yaxşı deputat ola bilir" - Qənirə Paşayeva nümunəsi var

Növbədənkənar parlament seçkilərinə böyük diqqət var. Xüsusilə media sahəsində çalışanlar ard-arda namizədliklərini irəli sürürlər. Bunu müsbət qarşılayanlar da, mənfi münasibət bildirənlər də var. Jurnalistlərin seçkilərdə iştirakının qızğın tərəfdarlarından biri də siyası şərhçi Azər Rəşidoğludur. Politoloq jurnalistlərin deputatlıq arzusuna müsbət yanaşdığını deyib. Onun sözlərinə görə, jurnalistlər problemləri daha yaxşı bilir və həll etməyə çalışırlar: 

“Bütün problemlərə baxmayaraq, media vətəndaşların sosial problemlərinə yardımçı olur. Bir çox hallarda məmurları vətəndaşlar “jurnalistlərə deyəcəm” mesajı ilə çəkindirə bilir. Digər tərəfdən, jurnalistlər ictimai-siyasi proseslərdə bişmiş, təcrübə toplamış insanlardır. Odur ki, jurnalist çox yaxşı deputat ola bilir. Məsələn, keçmiş jurnalist Qənirə Paşayeva kimin nə deməsindən asılı olmayaraq, çox yaxşı deputat oldu. Hətta onun seçicisi olmayan vətəndaşlar da həmkarımıza müraciət edir. Bu amil jurnalistin deputat olmasının məqbul olmasını göstərir. Lakin burada bir məqam da var. Azərbaycanda mindən çox jurnalist var. İçərisində çox yaxşı yaşayan da, kasıb olan da, reketi də var. Yüzlərlə jurnalistin problemini bilən, yüzlərlə jurnalistdən biri olan, əli qabarlı fəhləlik edən qələm əhli niyə deputat olmasın ki? Biz jurnalistlər siyasətçiləri rəndələməklə məşğuluq, indi niyə öz həmkarlarımızı vurmalıyıq? Ləyaqətli, səmimi, peşəkar jurnalist xalqa zidd addım atmaz və milyonların səsi olar. Bundan xalq da udar, hakimiyyət də, dövlət də”. 



Azər Rəşidoğlu: "Yüzlərlə jurnalistin problemini bilən, yüzlərlə jurnalistdən biri olan, əli qabarlı fəhləlik edən qələm əhli niyə deputat olmasın ki?" 


Analitikə görə, mövcud parlament son dövr ərzində ən zəif qanunverici orqana çevrilmişdi: 

“Belə parlamentlə nəinki islahatlara yardım etmək, hətta ən kiçik dəyişikliklərə nail olmaq imkansız idi. Milli Məclis qanunverici orqandan daha çox notariat kontorunu xatırladırdı. Milli Məclisin tərkibində elə simalar var ki, artıq 20-30 ildir deputatdır. Lakin bir dəfə də parlamentin iclasında çıxış etməyib, heç bir qanun layihəsinin müəllifi olmayıb, seçicilərini saymayıb. Onlar əslində təhlükəli insanlardı. Azərbaycanın yaxın tarixinə nəzər etsək, görərik ki, belə deputatlar ekstremal vəziyyətdə sürüşkənlik nümayiş etdirirlər. Onlar ölkə üçün təhlükədirlər. Bu baxımdan, Milli Məclisin buraxılmasını alqışlayıram. Lakin kimlər yenidən deputat seçiləcək? Yenə ölkədə parlamentarizm ideyasını "dəfn" edənlər mandat savaşına qalxacaqlarsa, bu, islahatlara ən böyük əngəl olacaq. Yenilənmiş parlamentə ehtiyac var. Problemlərin ünvanını göstərə bilən, onların həlli yolunu bilən millət vəkillərinə ehtiyac var. Düşünürəm ki, hər şeyi inkarla hər şeyi tərifləmək arasında heç bir fərq yoxdur. Savadlı, intellektual, işləməyi istəyən və bunu bacaran insanlara ziyalılara, iqtisadçı, hüquqşünas, siyasətşünas və siyasətçilərə imkan yaratmalıyıq. İndiki çətin dövrdə müstəqil düşüncəli insanlara ehtiyac var və Milli Məclisdə də onlar təmsil olunmalıdır”.

A.Rəşidoğlu deputatlığa namizəd olub-olmayacağı barədə də danışıb: 

“30 ilə yaxındır mətbuatdayam. Bütün bu illər ərzində müstəqil yanaşmamla tanınmışam. Müxtəlif mətbu orqanlarda işləmişəm, heç vaxt öz düşüncəmdən geri çəkilməmişəm. Bircə yazımı da göstərə bilməzsiniz ki, biri o birini inkar etsin. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, az saylı jurnalistlərdənəm ki, müstəqiləm. Nə iqtidara yaxınam, nə müxalifətə. Siyasi prosesləri yaxşı təhlil edə bilən azsaylı şərhçilərdənəm. Qarabağ problemini yarandığı gündən təhlil edə bilirəm. Ən çox elə mənim iddiam olmalıdır ki, deputatlığa namizədliyimi irəli sürüm. Ən əsası isə mən yüzlərlə sıravi jurnalistin təmsilçisiyəm. Bahalı maşınım və yüksək maaşım yoxdur. Çətinliklə ailəmi dolandırıram. Mən onlardan biriyəm və həmişə belə qalacam. Acınacaqlı vəziyyətdə yaşayan sadə insanların təmsilçisiyəm. Jurnalist kimi seçkilərə gedən bəzi varlı insanlardan fərqli olaraq, mənim qələmdən başqa heç nəyim yoxdur. Düşünürəm ki, yaxşı deputat ola bilərdim. Təcrübəm, ağlım, sıravi jurnalistlər arasındakı az olmayan hörmətim şanslarımı artırardı. Lakin seçkilərə qatılmaq fikrim yoxdur. Özümlə bağlı son qərarı verməsəm də, böyük ehtimalla seçkilərə qatılmayacağam. Heç bir partiyanın üzvü deyiləm. Əlavə resursum da yoxdur ki, seçkidə ən minimal şəraitdə təbliğat apara bilim. Bu istiqamətdə həmkarlarımızdan çoxsaylı təkliflər gəlir. Hər birinə təşəkkür edirəm”.