1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində 16 və 18 oktyabr tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 570 mənzildən 568-nin alğı-satqısı uğurla başa çatdırılıb.

MİDA-dan bildirilib ki, həmin mənzillərdən 17-si 18 oktyabr 2019-cu il tarixində “Güzəştli mənzil” sistemi vasitəsilə gözləmə qaydasında mənzil seçimi etmiş şəxslər tərəfindən əldə edilib. Mənzilə sahib olmuş vətəndaşlardan 146-sı mənzili öz vəsaiti hesabına, 422-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.

Satışın nəticələri barədə statistik məlumatlarla buradan tanış ola bilərsiniz.

Ümumilikdə bu günədək keçirilən 5 satışın nəticəsində 1385 ailə MİDA-nın ilk layihəsi - Yasamal Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub. Güzəştli şərtlərlə əldə edilmiş mənzillərdən 247-si 1 otaqlı, 794-ü 2 otaqlı, 344-si isə 3 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilib.

Qeyd edək ki, 25.12.2019-cu il tarixində Kompleksdə qalan 248 mənzilin satışı həyata keçiriləcək.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksində yerləşən 436 ədəd tam təmirli mənzil ayrılıb.

Hazırda həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər davam etdirilir.