ABŞ İranın son nəfəsliyini də kəsmək istəyir - ŞƏRH

Ağ Ev Tehranla əməkdaşlığa görə Rusiya və Azərbaycana üstüörtülü mesaj verib




“İranla iqtisadi əlaqələrdə ehtiyatlı olmalıyıq və ABŞ-ın ölkəmizi hədəfə götürməsinə imkan yaratmamalıyıq”



ABŞ-ın İranla bağlı siyasəti yeni mərhələyə keçir. Bu mərhələdə region ölkələrinin İranla iqtisadi əlaqələri genişləndirməsinə görə, sanksiyaların tətbiqi nəzərdə tutulur. Amerikanın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk açıqlamasında İranla əməkdaşlığa görə sanksiyaların tətbiqində Rusiya ilə yanaşı, Azərbaycana da üstüörtülü mesaj ötürüb. Vurğulamaq lazımdır ki, ABŞ İranla əməkdaşlığa görə Ermənistanın bir neçə şirkətinə sanksiya tətbiq edib. Rusiya da Vaşinqtonun sanksiyaları ilə üz-üzədir. Lakin Azərbaycan Amerika üçün xüsusi önəm kəsb etdiyindən sanksiyalar siyahısına salınmayıb. Lakin göründüyü kimi Vaşinqton İranın son nəfəsliyini də kəsməyi qarşısına məqsəd qoyub və bunun üçün əlindən gələni edir. Çünki İran region ölkələri vasitəsi ilə müəyyən iqtisadi əlaqələri reallaşdırır. 



Vaşinqtonun İranla bağlı siyasətini “Şərq”ə təhlil edən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, rəsmi Bakının son vaxtlar İranla iqtisadi əməkdaşlığı genişləndirməsi Vaşinqtonu qıcıqlandırıb. 

Ekspertin sözlərinə görə, iqtisadi sahədə yüksək səviyyədə qarşılıqlı səfərlər və imzalanan müqavilələrin artması Amerikanın səbrini daşırıb: “İranla iqtisadi əlaqələrdə ehtiyatlı olmalıyıq və ABŞ-ın ölkəmizi hədəfə götürməsinə imkan yaratmamalıyıq. Vaşinqtonun bu siyasətə əl atmayacağına da əmin olmaq olmaz. Ağ Ev rəsmi Bakının siyasətini diqqətlə izləyir. Nəzərə alaq ki, Vaşinqton siyasi dəstəyini bizdən əsirgəməyib. İran isə daim Azərbaycanın enerji layihələrinə qarşı çıxıb. Hazırda Xəzər dənizinin dibi ilə “Trans-Xərəz” qaz kəmərinin çəkilməsinə də ciddi mane olan məhz Tehrandır. Ancaq Vaşinqton Bakı-Tiflis-Ceyhan neft kəmərinin, Bakı-Tiflis-Ərzurum qaz kəmərinin və digər enerji-nəqliyyat layihələrinin reallaşmasına birbaşa siyasi dəstək verib. Yəni bütün iqtisadi əlaqələrimizdə əsas tərəfdaş Qərbdir. İranla isə cüzi iqtisadi əlaqələrimiz var və indiki şəraitdə bunun genişləndirilməsi perspektivi yoxdur”.