Misirlə Türkiyə arasında narazılıqlar: Ermənilər bundan istifadə etməyə çalışırlar

Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim Misir və Azərbaycan arasındakı münasibətlər çox yaxşı səviyyədə olduğunu bildirib. Səfir qeyd edib ki, Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. 

Səfir vurğulayıb ki, Misir dövləti üçün Dağlıq Qarabağ işğal edilmiş bir ərazidir: “Biz bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”.

Tarixən Misirlə Azərbaycan arasındakı əlaqələrin olduğunu deyən politoloq Sədrəddin Soltan Sherg.az-a bildirib ki, orta əsrlərdə də bu münasibətlər yüksək səviyyədə davam edib.

Analitik qeyd edib ki, ərəb və müsəlman ölkələri arasında Misir davamlı olaraq hər zaman Dağlıq Qarabağ məsələsi ilə bağlı ədalətli mövqeyini sərgiləyib:



Politoloq: “Bəzi qruplar var ki, bu məsələdə Azərbaycan və Türkiyəyə qarşı addımların atılmasına cəhd göstərə bilərlər”


“Hakimiyyət çevrilişi də Misirin xarici siyasət kursuna, özəlliklə Azərbaycanla bağlı kursuna elə də ciddi təsir göstərməyib. Səfirin verdiyi bəyənat da bunu göstərir. Hüsnü Mübarəkdən sonra hakimiyyətə gəlmiş Məhəmməd Mürsi və general Sisi Azərbaycanla bağlı siyasətini dəyişmədi. Onlar Azərbaycana qarşı heç bir çıxış etməyiblər. Bu günkü Misir hakimiyyətində də həmin xətt davam etdirilir.

Azərbaycan Misirlə bağlı əlaqələri genişləndirmək və Misirdə aksiyalar zamanı problemlərin sülh yolu ilə aradan qaldırılmasını istəmişdi. Çünki Misir dünyanın mədəniyyət mərkəzlərindən biri sayılır. Bu, qədim mədəniyyət Azərbaycan üçün də çox maraqlıdır. Odur ki, hər iki ölkə arasındakı əlaqələrin və ədalətli olaraq Misirin Azərbaycanın mövqeyini dəstəkləməsində qeyri-adilik yoxdur. Düzdür, son zamanlar Misirlə Türkiyə arasında müəyyən narazılıqlar yaranıb. Erməni tərəfi isə bu narazılıqdan davamlı surətdə Türkiyə və Azərbaycana qarşı istifadə etməyə çalışır. Hətta Misirdə də bəzi qruplar var ki, bu məsələdə Azərbaycan və Türkiyəyə qarşı addımların atılmasına cəhd göstərə bilərlər. Amma hələ ki, o qrupların Azərbaycanla bağlı irəli sürdükləri iddialar təmin olunmur və  Misirin Qarabağla bağlı xarici siyasət kursu dəyişməz qalıb”.