“Əkinçi”nin nəşrə başlaması və üzləşdiyi problemlər...

"Qəzet bir elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdi...



Çar Rusiyasında 1865-ci ildə qəbul olunmuş "Senzura haqqında qəti qanun"dan sonra mətbu nəşrin qeydə alınması və çapı olduqca çətin iş idi. Çar idarələrindəki süründürməçilik, hərc-mərclik Həsən bəy Zərdabinin qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı. Zərdabinin rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu. Maliyyə vəsaiti əldə etdikdən sonra H.Zərdabi Bakının qubernatoru, general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət edərək qəzet nəşrinə icazə istədi. Bu məsələyə toxunan Zərdabi yazır: “Mən ona fərzimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyum ki, guya, məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğunu qəbul eləsin. Bu tövr ərizə verib icazə aldım”.

Mətbuat tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, 1875-1920-ci illər” adlı kitabında vurğulayıb ki, Azərbaycan milli mətbuatının əsasını təşkil edən bu mətbu nəşrin adının "Əkinçi" olması, şübhəsiz ki, çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü. Müəllif bildirib ki, nəhayət, qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də "Əkinçi"nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli mətbuatın əsası qoyuldu: “Cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən Zərdabinin məsləkdaşları qarşılarına olduqca məsuliyyətli vəzifə qoydular. Hansı məsələlərin qəzetdə əksini tapacağı sualına “Əkinçi”nin ilk nömrəsində Zərdabi cavab verdi və bəlli oldu ki, qəzetin məramnaməsi belə olacaq. Daxiliyyə - buradakı məqalələr qəzetin münşisi tərəfindən yazılacaq. Əkin və ziraət xəbərləri, elm xəbərləri, tazə xəbərlər və s. İlk sayda dərc olunan məqalədən və bu məlumatlardan göründüyü kimi Həsən bəy “Əkinçi”nin əsas ideya istiqamətlərinin 4 əsas şöbədə əksini tapacağını müəyyənləşdirmişdi. Lakin "Əkinçi"nin 6-cı nömrəsindən sonra qəzetdə məktublar şöbəsi də açıldı və "məktubat" rubrikası altında məqalələr dərc olundu. “Əkinçi” Bakıda çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi. Onu Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular. Hənifə xanım Abayeva öz xatiratında “Əkinçi”nin yayıldığı geniş coğrafiyaya toxunaraq yazırdı: "Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi. O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdi... Qəzetin ilk abunəçiləri, onu birincilər sırasında salamlayanlar Omskdan, Tümendən, Cistopoldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu tatarları idilər”. 
A.Aşırlı kitabda qeyd edib ki, “Əkinçi”nin sorağı Londona da gedib çıxmışdı: “Bakıya gələn bir fransız müxbiri isə H.Zərdabinin təkbaşına qəzet çap etdiyini öyrənib onun ziyarətinə getmiş və deyib: “Siz həqiqi qəhrəmansınız. Bizdə belə bir kasıb qəzetdə işləməyə razı olan bir nəfər də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür, öz xalqınızı ürəkdən sevirsiniz”. Fransız müxbirinin müşahidələrinin ciddi əsasları vardı və şübhəsiz ki, Zərdabini hərəkətə gətirən milli təəssübkeşlik hissi idi. Qəzet və onun baş yazarı həmin dövrdə artıq Azərbaycanda öz mövqelərini möhkəmlədən və bu torpaqların həqiqi sahiblərinə qarşı mübarizəyə başlayan erməni ideoloqlarının qarşısında yeganə sipərə çevrilmişdi. Həsən bəy xalqın yaşadığı faciələri, fəlakətləri və başına açılan min cür haqsız oyunların əsas səbəbini savadsızlıqda, cahillik və dini fanatizmdə görürdü.
Bu bəlalardan xilas olmağın yeganə yolunu maarifdə, mədəniyyət ocaqlarının təsisində, Avropa təhsil sisteminin tətbiqində görürdü: “Barı gələcək vaxt üçün məktəbxanalar səyində olub, elm səbəbi ilə uşaqlarını sənətkarlığa və işlərə həris eləsinlər ki, özləri çəkən zillətləri uşaqları çəkməsinlər”. 

Qəzetin başlıca mövzuları...


Akif Aşırlı bəyan edib ki, Rusiyada təhsil aldığı illərdə demokratik fikirli ziyalılarla ünsiyyət quran və dövrün mütərəqqi ideyalarını mənimsəyən Zərdabi “Əkinçi” qəzetinin nəşri ilə bu ab-havanı Azərbaycanda görmək istəyir: “Xalqın tərəqqisi məsələsini başlıca məqsəd kimi götürürdü. İnsan hüquqlarını ön planda götürən "Əkinçi" 6-cı sayında yazırdı: “Bizim şəriətimizə görə qulu azad etmək çox böyük savab olduğunu bilə-bilə özümüz öz xahişimizlə bir-birimizə qul olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya məgər qul deyilmi? Bəli, biz hamımız quluq. Buna səbəb bizim ata-baba adətlərimizdir. Xülasə, Şərqi zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə də bilmərik". Çətin bir dövrdə nəşr olunmasına, milli qəzetlərin yoxluğuna baxmayaraq "Əkinçi" azad söz probleminin mövcudluğunu ortaya qoyurdu: "Məlumdur ki, heyvan haraya getsə gedər, hər tərəfə istəsə baxar, hər nə istəsə eləyər, haçan keyfi necə istəsə mələyər, amma insan nəinki öz istədiyini edə bilmir, hətta keyfi istədiyi kimi danışa da bilmir". Azad söz və fikir sərbəstliyinin mövcud olmadığını üstüörtülü şəkildə çarizmin yeritdiyi siyasətlə bağlayan "Əkinçi"lər səbəblərdən biri kimi köhnə qaydaların dəyişdirilməsində də görürdü. Zərdabi və məsləkdaşlarının qəzet səhifələrində dərc etdirdikləri yazıların bir qismi dini fanatizm və mövhumata həsr olunmuşdu. Məişətdəki yeniliyə qarşı çıxanlara sərt cavab verən Zərdabi yazırdı: "Çəkmə geyməkdə bir günah yoxdur və hər kəs fikir eyləsə görər ki, çəkmə geyməklə insan müsəlmanlıqdan çıxmaz. Amma bir şəxs... başmaq yerinə çəkmə geyəndə şüəralar onu həcv edir, mollalar ona mənbərdən lənət oxuyur, əvamünnas salam verməyir, xülasə hamımız birləşib onu kafir hesab edib, o qədər incidirik ki, biçarə naəlac qalıb öz millətini atıb gedib xaricilərlə üns tutur ki, onun övladı onların içində böyüyüb onların tərəqqisinə daxil olur. Əlbəttə, belədə nə qədər səy edək ki, buğda bitsin, olmaz". "Əkinçi" islamda mövhumatı və dini fanatizmi qəbul etmir, dini ayinləri həyata keçirərkən Quranda nəzərdə tutulan qaydalardan kənara çıxmaları zərərli hal hesab edirdi. Aşura günü baş yarmanın əleyhinə müzakirə açan "Əkinçi" bu halın islam qayda-qanunları ilə bir araya sığmadığını göstərirdi. Qəzetdə H.Zərdabinin, Əhsənül-Qəvaidin, Ə.Gorani, Heydəri və başqalarının bu mövzuda kəskin çıxış etmələrini qəbul etməyənlər də etirazlarını, mövqelərini qəzetə ünvanlayırdılar. Qarabağdan Həsən Qara Hadı, Qubadan Hadimül-Qəvaid, kapitan Sultanov, "Əkinçi"nin dini fanatizmin əleyhinə apardığı bu müzakirələri qəbul etmir, öz mövqelərini kəskin şəkildə bildirir, hətta təhqir yolu tuturdular. "Əkinçi" dövrün azərbaycanlısının təsəvvürlərinin genişlənməsinə, qonşu ölkələrdə və cəmi dünyada baş verən mütərəqqi ideyalar barədə onların məlumatlanmasına, mədəni intibaha qədəm qoymalarına böyük kömək edirdi. 
Araşdırmaçı vurğulayıb ki, “Əkinçi” ədəbiyyatla bağlı məqalələr dərc edir, sənətin məzmun və forma məsələlərinə həssas yanaşırdı: “Zərdabi, N.Vəzirov, Əhsənül-Qəvaid və Heydəri öz məqalələrində köhnə şeir formalarını, ictimai-siyasi məzmunu olmayan həcvləri tənqid etmiş, həyat həqiqətlərinin tərənnümünü vacib bilmiş, şairləri bu yöndə fəaliyyət göstərməyə çağırmışlar. Qəzet həcv yazanlara üz tuturdu: "İndi yazılan həcvlər çəkməçi danışığına oxşadığına nəinki onları oxumaq olmur, hətta adam olan kəs onları oxuyanda əti ürpənir". Zərdabi dövrün ədəbiyyat adamlarını gerçək həyatla ayaqlaşmağa, reallıqlardan uzaq olmamağa səsləyirdi: "Bizim zamanə tərəqqi zəmanəsidir və tərəqqi etməyən taifə günü-gündən tənəzzül edib axırda puç olacaq, ona bianən bizim şüəra qardaşlarımızdan ki, onlar əlhət xalqın gözçüsüdürlər, iltimas edirik, təqazayi-zəmanəyə müvafiq, xəlqin gözünü açmağa səy etsinlər". Əhsənül Qəvaid və Nəcəf bəy Vəzirov da qayəsini reallıqdan alan şeirin tərəfində idilər. N.Vəzirov poeziyanın tərbiyəvi əhəmiyyətini məxsusi qeyd edir, etik ölçüləri gözləməyən, təhqirlə-tənqidin sərhədlərini itirən həcv ustalarına kəskin münasibət bildirirdi. Ucqar bir kənddə doğulan, xalqın içərisindən çıxan Həsən bəy "Əkinçi"nin səhifələrində kənd təsərrrüfatına aid xeyli sayda materiallar dərc etmiş, bu sahədə yazan müəlliflərin yazılarına diqqət göstərmişdi. Demək olar ki, qəzetin bütün nömrələrində əkinçilik və maldarlıqla bağlı materiallar "Elm xəbərləri", "Əkin və ziraət xəbərləri" rubrikası altında işıq üzü görmüşdü. Bu materialların əksəriyyətini sadə, rəvan xalq dilində Zərdabinin özü qələmə almışdı. Torpağın məhsuldarlığının artırılması, kübrə növləri, məhsuldarlığın təyini üsulları, heyvan saxlanılması, yeni əkinçilik alətləri əsas mövzular idi. Kənd təsərrüfatına həsr etdiyi məqalələrinin birində Zərdabi Azərbaycanda kətan kimi məlum olan ənənəvi ağac kotanların çoxlu işçi qüvvəsi tələb etməsi xüsusiyyətlərini pisləyir, onun təkmilləşdirilmiş alətlərlə əvəz edilməsinin vacibliyini qeyd edirdi: "Xülasə, dünyada kotan çoxdur, amma bizimkindən yamanı heç olmaz. Onun hər bir hissəsi yaman olduğuna 8 cüt öküz ilə işlədirik və onunla belə yeri narın edib çevirə bilməyirik. Ona bianən bizim tavanası olan əkinçilər yaxşı elədilər ki, Moskva karxanalarından əla kotanlar gətirib işlədəydilər". Müəllif məqalədə məlumat verirdi ki, artıq dünyada kotanla yer şumlanmır: "İndi elm sahibləri səy edirlər ki, kotanı su buğu ilə işləyən maşınla işlətsinlər və belə maşınlar qayırıblar ki, bir tağar yeri bir saatda şum edir". Həsən bəy ilə yanaşı, Nəcəf bəy Vəzirov, Ə.Gorani kimi elmi, müasir dövrün tələblərini bilən qələm əhli Rusiyanın, Avropanın kənd təsərrüfatına aid yeniliklərini oxuculara çatdırırdılar. 

“Əkinçi”lər…


Müəllif qələmə aldığı kitabda bildirib ki, Böyük Azərbaycan mütəfəkkiri, filosofu, ilk milli dramaturgiyamızın əsasını qoyan Mirzə Fətəli Axundov "Əkinçi"nin nəşrini ilk alqışlayan, ona xeyir-dua verib, məsləhətini bildirənlərdəndir: “Bu mətbu orqanın çapı, nəşri, yayılması ilə bağlı Axundovla Zərdabi arasında məktublaşmalar olub. "Əkinçi"nin inkişafına öz töhfəsini verməyə çalışan və bu yöndə səy göstərən Axundov məktubunda nəşrin qarşısında bir neçə mühüm peşə qaydalarına əməl olunmasının vacibliyini irəli sürürdü. Axundovun fikrincə, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan mətbu orqanın şriftləri gözəl, dili rəvan, üslub və orfoqrafiyası düzgün olmalıdır. "Əkinçi"nin kiçik bir elanında çoxlu orfoqrafiya səhvləri görüb yazmışdı: "Qəzetimizin şriftindən mən fövqəladə razıyam. Ancaq sizin azərbaycanca məktubları hazırlayan mühərrirdən çox narazıyam. O, Azərbaycan dilini bilmir. Buna görə də kiçik bir elanda bir çox bağışlanılmaz səhvlərə yol vermişdir. Həmin bu mühərriri ərəb qramatikasını bilən, fars və türk dillərinə bələd olan başqa bir savadlı adamla əvəz etmək lazımdır".  Qəzetin proqramının ona göndərilməsini xahiş edən Axundov "Əkinçi” ilə əməkdaşlığa razı olduğunu bildirirdi. "Əkinçi"nin ilk sayından sonra Axundovla Zərdabinin yaradıcılıq əlaqələri daha da genişlənir. O, qəzetdə əksini tapan dövrün mühüm ictimai-siyasi prosesləri ilə bağlı materiallara reaksiya verir, habelə "Vəkili-milləti-naməlum" imzası ilə məktublar yazırdı. 

(Davamı var)