Aybəniz Haşımova qızının nişanlısından danışdı: "Sadə bir ailənin övladıdır"

"Var-dövlət arxasınca qaçmamışam. Qızımın seçimində də bunun bir daha şahidi oldunuz"




Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişanın nişan xəbəri təsdiqləndi. Müğənni və qızı bununla bağlı sosial şəbəkədə paylaşım edərək məlumatı təsdiqləmiş oldular. Kənan Əliyev adlı fitnes məşqçi ilə nişanlanan sənətçinin toyu fevralda baş tutacaq. Bu barədə müğənni «Şərq»ə açıqlama verərkən bildirib: 

«Allah hamının balasını xoşbəxt etsin. Məni tanıyanlar bilir ki, mən Aynişanı necə çətinliklə böyütmüşəm. Çalışmışam o, atasız olduğunu hiss etməsin. Atasının adına layiq övlad olsun. Qaldı nişan məsələsinə, heç vaxt şəxsi həyatımı gündəmə gətirən insan olmamışam. Qızımın yaradıcılıq işləri olanda o barədə danışmışam, ancaq şəxsini sərgiləməyi sevməmişəm. Aynişanın «hə»sində  biz tərəfdən 7 nəfər olub, oğlan tərəfdən 5 qohum. Yəni böyük nişan da etməmişik. Sadəcə ailə daxilində «hə»si olub, barmağına üzük keçiriblər. İlk paylaşımı bizdən xəbərsiz edən oldu. Sonra qızıma dedim ki, artıq məlumat yayılıb, ona görə paylaşım edək ki, artıq sual verilməsin.



Toyun vaxtı tam dəqiqləşməsə də, inşallah, fevrala nəzərdə tutulur. Məkan seçimi olsun, gün təyin edilsin, toyu da olanda biləcəklər. Təbii ki, Aynişan mənim gözümün nurudur, onun toyunu arzulamışam, Allah da qismət edər. Gücüm çatdığı qədər təmtəraqlı toy da edəcəm. Vacib olan bahalı, dəbdəbəli toy da deyil. Vacib olan onların xoşbəxtliyidir. Mən hər zaman mənəviyyata xidmət edən insan olmuşam. Var-dövlət arxasınca qaçmamışam. Qızımın seçimində də bunun bir daha şahidi oldunuz. Sadə bir ailənin övladıdır. Əsas odur ki, qızım sevib, seçib, mən də bu seçimə hörmətlə yanaşmışam. Mənim üçün tərbiyə, insani dəyərlər vacibdir. Onlar xoşbəxt olsunlar, mən bundan artıq Allahımdan nəsə istəmirəm». 
 Əməkdar artist qızının elçiliyində Xalq artisti Arif Babayevin ağsaqqallıq etdiyini də vurğulayaraq «Arif Babayev mənim atam sayılırsa, qızımın özəl günündə o, baba kimi iştirak etməliydi. Sağ olsun, Arif Babayev də böyüklüyünü əsirgəmədi. Aynişan balaca olandan deyirdi ki, onun "hə"sini mən verəcəm. Onu da etməliydim» bildirdi.