Çində İncil və Quran yenidən yazılacaq: YOLVERİLMƏZDİR

Bu müqəddəs kitablarda “sosialist dəyərlər” əks olunacaq



Çində səmavi dinlərin müqəddəs kitabları olan İncil və Quran yenidən yazılacaq. Məlumata görə, bu müqəddəs kitablarda “sosialist dəyərlər” əks olunacaq. Yeni nəşrlərdə Kommunist Partiyasının ideyalarına zidd olan hər hansı bir fikir yer almayacaq. Belə ki, senzuranın yanlış hesab etdiyi hissələr düzəldiləcək və ya yenidən tərcümə olunacaq.

Dini kitablara edilən müdaxilələrin tamamilə yanlış olduğunu deyən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin 

Həsənli “Şərq”ə açıqlamasında bildirib ki, Çin tərəfindən verilən qərar ağlasığmazdır.



İlahiyyatçı isə dini kitablara müdaxiləni pisləyib


İlahiyyatçının sözlərinə görə, dini kitablara müdaxilə etmək yolverilməzdir:

"Qurani-Kərim"də də qeyd olunub ki, kitabı təhrif etmək düzgün deyil. İnsan Allahın kəlamına müdaxilə edə bilməz. Bəzən bu işin görülməsində əsas məqsəd odur ki, insanlar ayələrin mənasını anlamır və onları aqressiv bir çağırış, zorakılığa dəvət kimi dəyərləndirir. Çünki Quran ayələrinin təfsirindən xəbərsiz olurlar, ayələrin zahiri ilə hökm çıxarırlar deyə, elə düşünürlər ki, bu ayələr insanları zorakılığa dəvət edir. Ona görə də insanlar "Qurani-Kərim"in təfsirləri ilə tanış olmalıdırlar. Onlar Qurandakı ayələrin həqiqi mənasını dərk etməlidirlər. Heç nə əsas verə bilməz ki, kimlərsə səmavi kitabın mətninə müdaxilə etsin və onu yenidən yazsın. Bu, insanların səlahiyyətində olan məsələ deyil”.