Havalar isti keçdi: Qış paltarlarında endirimlər başlayıb

Bu ucuzlaşma Türkiyədə baş verdi, Azərbaycanda isə sahibkarlar günlük qazancı düşünür



Qışın birinci ayı bitmək üzrədir, amma yaz havasıdı. Sanki qarşımızda sərt qış deyil, yaz fəslidir. Təbiətin bu şıltaqlığı sahibkarları bir xeyli rəncidə edir. Kiloqramla, hətta tonlarla ölkəyə gətirilən qış geyimlərini alan yoxdu. Eyni vəziyyət hazırda qardaş Türkiyədə də yaşanır. Qış sərt keçmədiyindən uzunboğaz çəkmələr, dəri gödəkçələr, xəzli üst geyimləri, yun, hörmə bluzlar müştəri gözləməkdədi. 

Müştəri isə, “qışın çıxmağına nə qaldı ki”, düşüncəsi ilə, artıq pul xərcləmək istəmir. Qalın qış geyimlərindənsə, yazlıq və payızlıq geyimlər almağa üstünlük verir. Amma Türkiyədə bu işin çarəsinə baxırlar. Baxırlar ki, mövsümlər təbii xarakterinə ziddir, endirim kampaniyalarına start verirlər. Artıq İstanbulda ən məşhur brend mallara endirimlər başlayıb. Təsəvvür edin ki, təbii dəridən uzunboğaz çəkmələr 70-80 faiz endirimdədi. Eləcə də dəri kürklər, gödəkçələr, xəzlər. Bəlkə satıldı deyə, builki malı növbəti ilə də saxlamırlar. Ucuz qiymətə satıb xilas olurlar. Türkiyə marketoloqlarının bir variantı da, qış geyimlərini ölkənin şərq bölgəsinə göndərirlər. Necə olmasa, oralarda havalar daha sərt keçir. Endirim kampaniyaları sayəsində hazırda İstanbul mağazalarında satış 45 faiz artıb, hardasa 2 milyondan çox insan alış-veriş edib. Sahibkarlar qış endirimini mart-aprel ayından dekabra irəli çəkiblər ki, malları satılsın, əldə qalmasın. Bizdə isə vəziyyət fərqlidir. Nə qədər “endirim” kampaniyaları keçirilsə də, qiymətlər yenə əl yandırır. Sanki heç endirim aparılmayıb. 



İqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında bizim sahibkarların uzunmüddətli deyil, yaxın perspektivə işlədiyini dedi:

- Bizdə endirim kampaniyaları adətən elektrik malları və parfümeriya məhsullarına edilir. Geyimlər əvvəldən hansı qiymətə qoyulubsa, o qiymətə də satılır. Geyim mallarında ucuzlaşma, demək olar ki, baş vermir. Bu da onu göstərir ki, sahibkarlar uzunmüddətli perspektivə işləmirlər. Onları ucuz satış, daha çox müştəri prinsipi maraqlandırmır. Bizim sahibkarlar günlük qazancı fikirləşir. Bu gün qazanım, sabahı bilmək olmaz. Endirim kampaniyalarında da bəzən müştərilər aldadılır. Yaxud da əvvəlcə elə yüksək qiymət tətbiq etdikləri mal və məhsulun qiymətini bir az aşağı salırlar, bunun da adı olur “endirim”.