YAP-ın siyahısı: Hakim partiya cəmiyyətə mesaj verdi - ŞƏRH

“YAP potensialına görə bütün siyasi partiyalar və təşkilatlardan çox üstündür”. Bu fikirləri Sherg.az-a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib. Analitik qeyd edib ki, 750-minə yaxın üzvün olması, ölkə prezidentin bu partiyaya rəhbərlik etməsi, parlamentin tərkibinin də əsasən bu partiyadan təşkil edilməsi YAP-ın üstünlüyüdür:

“Ona görə də digər siyasi qüvvələr məhz bu partiyanın siyahısının meydana çıxmasını gözləməkdə idilər. Yəni, faktiki olaraq digər partiyalar gözləyirdi ki, YAP- öz namizədlərini necə və hansı ərazilər üzrə müəyyənləşdirəcək. Artıq siyahı hazırdı və təbii ki, keçmiş deputatların bir qismi orada yer alıb. Yerdə qalanlar isə yeni adlardır. Bu adlar arasında bizim tandığımız və bildiyimiz, deputat olmasını arzu etdiyimiz insanlar var. Eyni zamanda heç kimin tanımadığı adlar da siyahıda yer alır. Bütün bunlar bizi narahat etmir, əksinə düşünürük ki, YAP öz siyahısını yeniləməklə cəmiyyətə mesaj vermiş olur. Digər tərəfdən ölkədə aparılan islahatlar işığında bu cür davranılması yerinə düşür. Mən də deputatlığa namizədlikdə iddialıyam, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Mənim üçün də maraqlı idi ki, YAP kimlərin namizədliyini irəli sürəcək.  Hazırda deputat olan Eldəniz Səlimovun adı siyahıda yer alıb. Amma gözləmədim ki, YAP namizədlərini müəyyənləşdirsin və sonra namizədliyimi irəli sürüm. Siyahı çıxana qədər namizədliyimi irəli sürmüşdüm və rəsmi bildirişimi də vermişdim. Yəni demək istədiyim odur ki, sağlam bir ortamda istənilən siyasi qüvvənin təmsilçisi ilə yarışmaq qürurvericidir. İstərdim ki, siyasi gücünə inananlar bu cür mübarizədən çəkinməsinlər”. 



Azər Həsrət: “Hər halda bu siyahının ölkənin həyatında tale yüklü əhəmiyyəti var”


A.Həsrət bildirib ki, YAP siyasi mübarizədən qorxmur və çəkinmir. Ona görə də  əsasən partiyanın içindəki üzvlərin maraqlarını, mənafelərini, fikirlərini nəzərə alaraq gəncləşdirmə siyasəti yürüdüb, islahatlara dəstək anlamında yeni bir simalardan ibarət siyahı təqdim edilib:

“Hər halda bu siyahının ölkənin həyatında tale yüklü əhəmiyyəti var. Əlbəttə ki, millətimizə və dövlətimizə xeyirli olmasını diləyirik. Digər siyasi qüvvələrə isə tövsiyəm odur ki, namizdələrini müəyyənləşdirərkən hansısa partiyanın namizədlərinin haradan irəli sürülməsini gözləməsinlər. Özünə güvənən siyasi qüvvələr bunu etməli deyil”.