YAP-a təşəkkür “yağışı” – Partiyanın namizəd siyahısına düşənlər söz verdilər

Yeni Azərbaycan Partiyası fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. Hakim partiya 123 dairəyə namizəd irəli sürüb. Siyahıda adı keçən sabiq deputatlar və ilk dəfə namizəd olanlar sosial şəbəkədə YAP-a təşəkkürlərini bildiriblər..

Hikmət Babaoğlu: “Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın siyasi sisteminin sütunu və lokomotividir . Siyasi dəyərlər və ənənələr yaradan, bütün bunları isə milli mentalitet və milli maraqlarla üzvi şəkildə uzlaşdırmağı bacaran partiyadır. Elə buna görə də ümumxalq partiyası adlandırılan bu Partiyanın Milli Məclisə irəli sürdüyü namizədlər içərisində olmaq mənim üçün böyük qürur və şərəfdir. Hər şeydən öncə bu etimada görə partiyamın Sədrinə və rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Hər bir vətəndaşımız, xüsusilə hər bir YAP üzvü bu tarixi prosesə öz töhfəsini verməli, öz məsuliyyətini dərk etməli, öz fəaliyyəti ilə yeni dövrlə ayaqlaşmağı bacarmalıdır. Ona görə də namizəd olmaq həm də böyük məsuliyyətdir və bu etimada layiq olmaq lazımdır. Mən bunun üçün əlimdən gələni etməyə çalışacağam”.

Ceyhun Məmmədov: “9 fevral 2020-ci ildə Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyimi 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən irəli sürdüyünə və yüksək etimad göstərdiyinə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, bu işdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Seçicilərin səsini qazanacağım təqdirdə üzərimə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacam. İnanıram ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası növbəti illərdə də böyük uğurlara imza ataraq ölkəmizin inkişaf və tərəqqisinə böyük töhfələr verəcək. Bu şərəfli və məsuliyyətli işdə bütün namizədlərə uğurlar arzulayıram!”.

Nəsib Məhəməliyev: “Etimad göstərib yenidən 109 saylı Balakən seçki dairəsindən namizədliyimi irəli sürən Yeni Azərbaycan partiyasınının rəhbərliyinə təşəkkürümü bildirirəm. Eyni zamanda çoxsaylı telefon zəngləri və sosial şəbəkələr vasitəsilə şəxsimə ünvanlanan təbriklərə, səmimi fikirlərə görə hər birinizə minnətdarlığımı bildirirəm”.

Aydın Hüseynov: “Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisin deputatlığına namizədliyimin irəli sürülməsini böyük etimad kimi yüksək dəyərləndirirəm. Bunu fəaliyyətimlə doğrultmağa çalışacam”.

Naqif Həmzəyev: “Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin adını açıqladı. Bu siyahıda mənim də adımın olması, ölkənin hakim partiyasının və partiyanın Sədri, cənab Prezident İlham Əliyevin fəaliyyətimə verdiyi yüksək dəyər hesab edirəm. Mənə göstərilən bu etimad qürur hissi ilə yanaşı böyük məsuliyyət hissi də yaradır. İndi mən daha çox fəaliyyət göstərməli, Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyən Yeni Azərbaycan Partiyası tərəfindən mənə göstəilən bu etimadı ən yüksək səviyyədə doğrultmalıyam. 2020-ci il fevral ayının 9-da VI çağırış Milli Məclisə keçiriləcək seçkilərində iştirak edəcək namizədlərə uğurlar arzu edirəm. İnanıram ki, bu seçkilər də partiyamızın qələbəsi ilə əlamətdar olacaq”.

Kübra Əliyarlı: “Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyim irəli sürüldü. Mənə göstərilən bu yüksək etimada görə ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyev başda olmaqla İdarə Heyətinə təşəkkür edirəm! Fəaliyyətimiz ilə etimadı doğrultmağa çalışacağıq!”.

Elman Nesirov: “Yeni Azərbaycan Partiyası tərəfindən 68 saylı Cəlilabad kənd Seçki Dairəsi ūzrə deputatlıģa namizədliyimi irəli sūrdūyūnə görə ilk növbədə mohtərəm Prezidentimiz,YAP-ın sədri cənab İlham Əliyevə və partiyanin İdarə Heyətinə dərin minnətdarlıģımı bildirirəm. Bu böyük etimadı tam doğrultmağa çalışacam”.