"Gəncləri narkomaniyadan, internet klublardan və çayxanalardan uzaqlaşdırırıq" - Elnur Alıyev

"Mənim dairəmdən Tahir Kərimli də namizədliyini irəli sürüb. Ancaq biz  idmançı tərbiyəsi görmüşük. İdmançılar rəqabətdə özlərinə rəqib tanımırlar"


Sherg.az-ın müsahibi növbədənkənar parlament seçkisində 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürmüş “Ağsu” İdman Kompleksinin direktoru, kikboksinq üzrə beynəlxalq dərəcəli hakim Elnur Alıyevdir. Seçkidə iştirakı ilə bağlı saytımıza danışan tanınmış idmançı kampaniya müddətində fərqli təbliğat arapacağını söyləyib...

 - Elnur bəy, namizəd olmaq qərarına necə gəldiniz? Bir idmançını parlamentə aparan səbəb nədir? 

 - İllərdir gənclərlə bir yerdəyəm, hər gün onlarla işləyirəm. “Ağsu” İdman Kompleksinin rəhbəri kimi daim rayonun idmançı gəncləri ilə ünsiyyət qururam. Ağsuda idmanın inkişafına nail olmaq məqsədi ilə gəncləri narkomaniyadan, internet klublardan və çayxanalardan uzaqlaşdırmaq uğrunda iş aparırıq. Kənd-kənd gəzərək gəncləri bir yerə yığırıq. Onları pis əməllərdən vaz keçirərək imdana sövq edirik ki, Azərbaycanın adını ucaltsınlar, bayrağımızı yüksəltsinlər. Sözün açığı namizəd olmaqla bağlı fikrim yox idi. Sadəcə idmançı gənclərin valideynləri belə məsləhət gördülər ki, əgər bu qədər gəncləri başınıza toplamısızsa, rayonun inkişafı üçün canınızı qoymusuzsa,  yaxşı olar ki, deputatlığa namizəd olasınız. Mən də düşündüm və qərara gəldim ki, niyə də namizəd olmayım? 

 - Yəqin ki, rəqiblərinizin kimliyi ilə tanış olmusunuz. Vəhdət Partiyasının sədri, sabiq deputat Tahir Kərimli də rəqiblər arasındadır. Şansınızı necə dəyərləndirirsiniz? 


 
-Tahir Kərimli də 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürüb. Ancaq biz idmançıyıq və idmançı tərbiyəsi görmüşük. İdmançılar rəqabətdə özlərinə rəqib tanımırlar. Mən mübarizəyə tam hazıram. Bütün rəqiblərimə də uğurlar arzulayıram və onların hamısına hörmətlə yanaşıram. Məncə, ən əsası budur. 

 - Təbliğat kampaniyası ilə bağlı xüsusi planlarınız varmı? 

 - İnşallah, seçki kampaniyasında çox fərqli təbliğat aparacam. Allahın köməkliyi ilə parlamentə seçilsəm, çox fərqli bir deputat olacam. Heç vaxt edə bilməyəcəyim işə görə söz, vəd vermirəm. 

 - İdman sahəsi ilə bağlı parlamentin tribunasında nəyisə gündəmə gətirəcəksinizmi? 

 - Mümkünsə, bu barədə daha sonra danışarıq. İnşallah, deputat olacağım təqdirdə bütün təkliflərimin, fəaliyyətimin canlı şahidi olacaqsınız. Gənc kimi beynimdə düşüncələrim, planlarım çoxdur. Qısaca onu deyim ki, xalqın nəyə ehtiyacı varsa, ilk növbədə onları gündəmə gətirmək lazımdır. Mən xalqın içindən gəlirəm. Kiminsə tərəfindən göndərilməmişəm. İstəmərəm ki, ağsuluların üzünü qara edim. 

 - Namizədliyinizi müstəqil, yoxsa hansısa siyasi partiya adından irəli sürmüsünüz? 

 - Namizədliyimi müstəqil irəli sürmüşəm. Amma hamı bilir ki, biz gənclər cənab Prezidentin yanındayıq. Bu yaxınlarda dövlət başçısının ad günü ilə bağlı Feysbuk səhifəmdə yazmışdım ki, “mənim bir sifətim var və bir Prezidentim var”. Çünki idmana göstərilən qayğı və diqqət birbaşa dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilir. İdmançıya bütün Azərbaycanda böyük hörmət qoyulur. Məhz bu həvəslə biz Azərbaycanı bütün dünyaya tanıdırıq.