Jurnalist bu dəfə deputatlığa namizədliyini irəli sürdü

Jurnalist Rufik İsmayılov Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə də namizəd olaraq iştirak edəcək.  Sherg.az-ın xəbərinə görə, həmkarımız deputat olmaq iddiasındadır: 

“Növbədənkənar parlament seçkisində iştirak etmək üçün 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən namizədliyimi öz təşəbbüsümlə, bitərəf olaraq irəli sürdüm. İndiyə qədər ötən vaxt ərzində qanuni prosedurları uğurla keçdim. Goranboy rayonunun Dəliməmmədli və Goranboy şəhərlərində, Qaradağlı, Şadılı, Borsunlu, Xoylu, Səmədabad, Fəxralı, Hazırəhmədli, Xınnalı, Yolqulular, Alpout, Muzdurlar, Nizami, Yolpaq, Todan, Ağamlıoğlu və Veyisli kəndlərində həmsöhbət olduğum, özümü təqdim edərək dəstəyini aldığım sakinlərin imzası olan 10 imza vərəqini bu gün DSK-ya təqdim etdim. İmza toplama zamanı öz imzasını əsirgəməyən, xeyir-dua verən hər bir sakinə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən, kənd və şəhər sakinləri deputatlığa namizədliyi irəli sürülən birisinin şəxsən onlarla ünsiyyətə girib imza toplamasına həm təəccüblənir, həm də sevinirdilər. Vətənə, dövlətə, millətə xeyirli-uğurlu olsun!”. 

Qeyd edək ki, R.İsmayılov dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində də namizəd olaraq iştirak edib. Bələdiyyə seçkilərində istədiyi uğuru qazana bilməyən jurnalist, gücünü parlament seçkilərində sınayacaq. 

Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il, fevralın 9-da keçiriləcək.