Rauf Arifoğlunun şəxsən özü imza topladı - FOTOLAR

Dekabr ayının 29-da 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu imzatoplama kampaniyasında iştirak edib.

Xətai rayonu, Əbilov küçəsində yaşayan seçicilərə üz tutaraq şəxsən onlarla ünsiyyət, imza toplayan Rauf Arifoğlunun bu addımı vətəndaşlar tərəfindən böyük maraqla qarşılanıb. Ətrafdakı həyət evlərində və binalarda yaşayan insanlar küçəyə axın edib, namizədə xeyir-dua verib, qələbə arzulayıblar.

Vətəndaşlar həmçinin yaşadıqları ərazinin problemlərini Rauf Arifoğlunun diqqətinə çatdırıblar, ondan bu məsələlərin həllində dəstək istəyiblər.

Qeyd ediblər ki, Əbilov küçəsinin əsas problemləri yolların işıqlandırma sisteminin olmaması, marşrut avtobusunun köhnə olması, məhəlləarası yollarla avtomobil və marşrut avtobuslarının sürətli hərəkətinin qarşısını almaq üçün yollara tramplin qoyulmaması, məhəlləarası yolların asfalt örtüyünün olmamasıdır.

Qeyd edək ki, R.Arifoğlu növbədənkənar parlament seçkilərində 35 saylı Xətai 3-cü seçki dairəsindən namizədliyini irəli sürüb. 

Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-da keçiriləcək.