Türkiyə siyasətçisi Laçın nənədən yazdı: “Millətsevər nənəmiz!” - FOTO

Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, Azərbaycan əsilli siyasətçi, politoloq Sinan Oğan Laçın nənə ilə bağlı paylaşım edib. 

Sherg.az-ın xəbərinə görə, siyasətçi Laçın nənənin Azərbaycan və Türkiyə bayrağı ilə şəklini şəxsi Feysbuk səhifəsində  paylaşaraq bu sözləri yazıb: 

“Millətsevər Laçın nənəmiz! Laçın nənəmiz Qarabağda qızğın döyüşlər gedən vaxt düşmənə psixoloji zərbə vurmaq istəyən könüllülərə bayraq tikərək paylayırmış... Laçın nənə deyir ki, Bayraq mənim beşinci balamdır”.

S.Oğanın bu paylaşımı izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. 

Qeyd edək ki, 1988-1992-ci illərədək milli bayrağımızı tikməyə kimsə cürət edə bilmirdi. Belə bir vaxtda Tovuz rayonunun Ağdam kəndində dünyaya gələn, burada böyüyüb qadınlıq qürurunu bütün xanımlarımıza nümunə kimi göstərən, iki oğlunu Tovuzun səngərlərinə göndərən Laçın nənə qərb bölgəsində ilk dəfə olaraq Azərbaycanın milli bayrağını tikərək milli ordumuzun əsgərlərinə bağışlayıb. Bayrağımız Tovuzun ermənilərlə sərhəddəki Ağdam kəndinin ən uca yerində dalğandırılıb. 85 yaşlı Laçın nənə bu addımı, cəsarəti ilə seçilib.