Şairin namizədliyi qeydə alındı: “Şansımı yüksək qiymətləndirirəm”

Jurnalist, şair-publisist, Prezident təqaüdçüsü Tural Turanın növbədənkənar parlament seçkisində namizədliyi qeydə alınıb. Bu barədə "Sherg.az"a danışan Tural Turan 102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasının onun namizədliyini təsdiqlədiyini söyləyib.

Jurnalist 500 imzadan 489-nun keçərli olduğunu bildirib: 

"Bundan sonrakı əsas mərhələ seçicilərlə görüşdür. Artıq seçicilərlə imzatoplama kampaniyasında bir araya gəlmişik. Kənd-kənd, ev-ev gəzərək insanların problemlərini dinləmişik. Dairənin yarısından çoxunda nüfuzumuz var. Şansımı yüksək qiymətləndirirəm. Seçki gününə qalan müddət ərzində komanda şəklində bütün səylərimizi səfərbər edərək dairədə kifayət qədər səs toplamaq üçün çalışacağıq. Ümid edirəm, hər şey yaxşı olacaq".

Qeyd edək ki, 102 saylı Samux-Şəmkir dairəsini parlamentdə vitse-spiker Valeh Ələsgərov təmsil edirdi. Lakin o, başqa vəzifəyə təyin edilməsi səbəbindən növbəti seçkiyə qatılmayıb. YAP isə həmin dairədən Səfərov Nizami Abdulla oğlunun namizədliyini irəli sürüb.

Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.