“Qırmızı Körpü”də sıxlıq: RƏSMİ AÇIQLAMA VERİLDİ

Ötən gün sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində Gürcüstanla sərhəddə yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması barədə məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən gün gömrük orqanlarına aid olmayan kompüter sistemində yaranan qısamüddətli texniki nasazlıq, eləcə də, bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müşahidə olunan artım sərhəddə üç saatlıq sıxlığa səbəb olub.

Qeyd olunub ki, dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb:

“Lakin bu nisbi sıxlığı “bəzi”lərinin böyük bir ajiotaj kimi təqdim etməsi, dövlət qurumlarını fəaliyyətsizlikdə günahlandırması sadəcə təəssüf doğurur.

Hazırda “Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir, nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində heç bir sıxlıq müşahidə olunmur”.