MSK namizədin müraciətinə baxdı: Problem müsbət həllini tapacaq

Mərkəzi Seçki Komissiyası tanınmış təhsil eksperti, deputatlığa namizəd Kamran Əsədovun müraciətinə operativ cavab verib. "Sherg.az"-ın xəbərinə görə, bu barədə namizəd özü məlumat verib.

K.Əsədov bildirib ki, onun Neftçala rayonunun Dördlər kəndində seçici məntəqəsinin olmaması ilə bağlı şikayətinə MSK operativ reaksiya verib: 

"Deməli, 61 saylı Neftçala Seçki Dairəsi üzrə 41 məntəqə var. Baxmayaraq ki, Neftçala üzrə 58 yaşayış məntəqəsi mövcuddur. Bunların bir çoxu yaxın kəndlər olduğu üçün və vahid bələdiyyəyə daxil olduqlarına görə bir seçki məntəqəsi fəaliyyət göstərir. Amma bizim Neftçala rayon Dördlər kəndi Boyat bələdiyyəsinə daxil olsa da, məsafə baxımından 15 kilometr uzaqdadır və seçicilər bu məntəqədə səs verməyə çətinlik çəkir. MSK-ya dünən axşam saatlarında müracət etdim ki, seçicilərin səs vermə hüququndan istifadə etməsi üçün Neftçala rayon Dördlər kəndində seçki məntəqəsi yaradılsın. Müraciətin üzərindən heç 12 saat keçməmiş MSK məsələnin həll edilməsi ilə bağlı Neftçala DSK ilə əlaqə saxlayıb. Hətta kənddə məntəqə seçki komissiyalarının formalaşdırılması vəziyyətini öyrənmək üçün səlahiyyətli şəxsləri cəlb edib. Hazırda Dördlər kəndində heç bir dövlət orqanı, inzibati bina olmadığı üçün seçki məntəqəsinin yerləşdirilməsi imkanı azdır. Amma Neftçala DSK söz verdi və öhdəlik götürdü ki, seçkiyə qədər məntəqə qurulmasa, əlbəttə ki, buna böyük vəsait tələb olunur, seçki günü ərzində seçicilərin seçkiyə gedib səs verməyi üçün seçki başa çatana qədər xüsusi avtobuslar təşkil olunacaq".



Namizəd bəyan edib ki, o, 9 fevralda seçicilərin bu vacib hüququndan istifadə etməsi üçün əlindən gələni edəcək: 

"Bu hadisə onu göstərir ki, hər bir kəndimizdə mütləq şəkildə bir məktəb binası, uşaq bağçası, poçt, kitabxana, xəstəxana olmalıdır. Mənim fəaliyyətimin əsasını da məhz bu prinsiplər təşkil edəcək".