Pentaqonun planı: ABŞ İranın xarici ölkələrdəki mövqelərini zəiflətməyi hədəfləyir

“Amerika bir müddət əvvəl İslam Keşikçiləri Korpusunu terrorçular siyahısına almışdı. Bu o demək idi ki, sayı milyonları keçən təşkilatın bütün üzvləri, o cümlədən general Qasim Süleymani Amerikanın hədəfinə keçmişdi”. 

Sherg.az bildirir ki, bu sözləri İran generalı Qasım Süleymaninin, ABŞ qoşunlarının Bağdada raket atması nəticəsində  öldürülməsini dəyərləndirərkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.  

Analitik vurğulayıb ki, Süleymani İranın xarici ölkələrdəki qüvvələrinə rəhbərlik edir, İrandan dəstək alan silahlı qruplarla təmasları həyata keçirirdi:

“Pentaqon Süleymanini öldürməklə İranın xarici ölkələrdəki mövqelərini zəiflətməyi hədəfləyir. Əlbəttə, rəsmi Tehran üçün Qasım Süleymaniyə əvəz tapmaq çətin olacaq. Ancaq İran xarici ölkələrdəki silahlı qüvvələrini və tərəfdarlarını da başsız qoymayacaq”.

Süleymaninin öldürülməsinə bölgənin əsas güc dövlətləri - Rusiya və Türkiyənin reaksiyasına gəldikdə isə, politoloq vurğulayıb ki, ilk reaksiya verən ölkələrdən biri Rusiya oldu:

“Rusiya Xarici İşlər Nazirliyi iranlı generalın öldürülməsi ilə əlaqədar İran xalqına dərin hüznlə başsağlığı verib. Bəyanatda bu sözlər yer alıb: “Süleymaninin ABŞ-ın raket zərbələri nəticəsində öldürülməsinə bütün regionda gərginliyin artmasına gətirib çıxaracaq avantürist addım kimi baxırıq. Qasım Süleymani İranın milli maraqlarının qorunmasına sədaqətlə xidmət edirdi". 



Deməli, Tehran kimi Moskva da Süleymaninin haqq işinə xidmət etdiyini düşünürdü. Süleymani bir neçə dəfə Moskvada olmuş və rusiyalı generallarla Suriyadakı hərbi əməliyyatın detallarını müzakirə etmişdi. Kreml Tehranla tərəfdaş olsa da, İranın Suriyadakı siyasi və hərbi varlığını bir qədər ehtiyatla qarşılayırdı. Buna baxmayaraq, Kreml Süleymani ilə sıx dialoq qurmuşdu və onunla istənilən məsələni həll edirdi. Ona görə də Süleymaninin öldürülməsi eyni zamanda Rusiyanın Suriyadakı maraqlarına toxunur. Ancaq İranın Amerikaya qarşı cavab aksiyasının necə olacağı Kremli də ciddi düşündürür. Çünki, bölgədə İran-Amerika qarşıdurması Rusiyanın maraqlarına cavab vermir. İran-Amerika qarşıdurmasının qızışması İsrailin maraqlarına cavab verir.

Türkiyənin Xarici İşlər Nazirliyi hələ ki, Süleymaninin öldürülməsinə münasibət bildirməyib. Ankara çətin durumdadır. Türkiyə bir tərəfdən Süleymaninin Suriyadakı əməliyyatlarından narahat idi, digər tərəfdən Amerikanın İslam Keşikçiləri Korpusunun terrorçular siyasına alınmasını dəstəkləmirdi. Ankara eyni zamanda Amerikanın Bağdaddakı səfirliyinə hücumu pisləmişdi. Türkiyə nə qonşusu İranla münasibətləri gərginləşdirmək istəyir, nə də ki, mövcud anlaşmazlıqlara rəğmən, Süleymanini öldürülməsinə görə Vaşinqtonu qınayan açıqlamaya üstünlük verir”.