“Nərminlə birlikdə insanlıq da yandı...” – Bu müdhiş olay ölkəni silkələdi


Kamran Əsədov:“Pambıq kimi əlləri, gözəl saçları olan 10 yaşlı qızdan nə istədilər?” 





Tovuzda 10 yaşlı qızın yanmış meyiti ərazidən götürülüb. Artıq məsum körpənin ölümü ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb.

Məlumata görə, bu gün Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin əməkdaşları meyit tapılan əraziyə baxış keçiriblər. Hadisə yeri müayinə edilib və iş üçün zəruri olan bütün maddi sübutlar götürülüb. Azyaşlının meyiti ərazidən götürülərək ekspertizaya göndərilib. 

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı xəbərə görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar. Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.


“Qızlarımızı qoruyaq! Onlara qarşı şiddətə görə ən ağır cəza tətbiq olunmalıdır”

Bu məşum hadisəyə münaisbət bildirən təhsil eksperti, tarix elmi üzrə fəlsəfə doktoru Kamran Əsədov  “Sherg.az”a danışarkən cəmiyyətə bunları ərz edib:  
“Mənim iki qızım var, biri 8, o biri də 6 yaşının içindədir. Sağlıq olsun, İnşallah üçüncüsü də fevral ayında olacaq. Siz heç onların əllərinin necə pambıq kimi yumşaq olduğunu bilirsiz? Siz heç qızların saçlarını daramısız? Mən hər dəfə darayıram, saçlarından gələn ətir qoxusu insanı dünyanın ən xoşbəxti edir. 

Qapının zəngini sıxanda içəridən onların səslə qapıya qaçması, boyları çatmadığına görə stolu sürüyə-sürüyə gətirib üstünə çıxıb sevinclə qapını açıb qucağına qaçması bilirsiz nədir?

Hər axşam onlar yatanda laylal əvəzi "Sarı Gəlin"i oxuyuram və bir nağıl danışıram. Bu 8 ildir ki, davam edir.

Mən onlara çay süzəndə stəkanın istisi əllərini yandırmasın deyə, nəlbəkiyə süzüb üfürürəm. Hər gün onlarla birlikdə dərslərini oxuyub, oyunlar oynayırıq. Və onların üzündəki sevinc və gülüşdən dəyərli və qiymətli heçnə yoxdur.

Amma bizim cəmiyyətd bəzi cahillər qızları, qadınları ancaq özünün cinsi ehtiyacını və ehtirasını ödəmək üçün görür. Özünə qul, kölə görür. 
Bir qızın yandırılması sadəcə, dəhşətdir. Axşamdan özümə gələ bilmirəm. Qızlarımı möhkəm qucaqladım. Azyaşlı qızlara qarşı hansısa əməl törədənlər ən ağır şəkildə cəzalanmalıdırlar. 

Qıza, qadına əla qaldırmaq? Ona təpik, yumruq atmaq, onu yandırmaq, döymək heç kimin haqqı deyil. Qadına yalnız bir şəxs təpik, yumruq ata bilər, onda bətnindəki uşaq, o da ki, dünyaya gələndə qədər. Görəsən niyə cəmiyyət bu qədər iyrənc oldu? 10 yaşlı qız uşaqlığından nə istədi bu toplum? 
Təkcə onun gələcəyi, arzuları yanmadı. Onun pambıq kimi əlləri, gözəl saçları ilə birlikdə insanlıq da yandı... Qızlarımızı qoruyaq! Onlara qarşı istənilən şiddət hesab olunan hərəkətə görə ən ağır cəza tətbiq olunmalıdır”.