Məlumat bazası ilə iş bitmir: Yol qəzalarının səbəbləri dərindən araşdırılmalıdır - AKTUAL

Azərbaycanda “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazası yaradılacaq. Bu barədə Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

Yaradılacaq elektron bazada nəqliyyat vasitəsinin buraxılış ilindən başlayaraq, ölkə qeydiyyatı, onun aktiv təhlükəsizlik avadanlığının mövcud və ya işlək vəziyyətdə olub-olmaması, hava şəraiti, yol örtüyünün vəziyyəti, sükanın hansı tərəfdə olması, səfər, yaxud səyahətin məqsədi və sair məlumatlar toplanacaq. Bunun nəticəsində hadisələrin daha ətraflı təhlilinə, habelə bir sıra xarici ölkələr arasında yol-nəqliyyat hadisələri üzrə məlumatların müqayisə edilməsinə imkan yaradacaq.

Eyni zamanda, həmin bazadakı məlumatlar əsasında həm də hadisələrin elektron xəritəsini yaratmaq mümkün olacaq və elektron xəritənin köməyi ilə ölüm, xəsarət və maddi zərərlə nəticələnmiş qəza nöqtələrinin vizual görüntüsünü əldə etmək mümkün olacaq, analizlərin aparılması işi daha da təkmilləşəcək”.



Elməddin Muradlı: “Aidiyyəti qurumlar düşünməsinlər ki, elektron sistemə sadəcə nəqliyyat hadisələri ilə bağlı məlumatları yerləşdirməklə işi tamamlayırlar”


Yeni sistemlə bağlı Sherg.az-a danışan “Avtosfer.az”saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, elektron məlumat bazasının yaradılması yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verə bilər.

Ekspert qeyd edib ki, bu, yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramında nəzərdə tutulub:

“Bununla bağlı aidiyyəti qurumlara müəyyən tapşırıqlar və tövsiyələr verilib. Məlumat bazasında bütün yol-nəqliyyat hadisələri öz əksini tapır. Həmin  hadisələrin təhlili, baş vermə səbəbləri və.s məsələlər sistemə yerləşdirilir. Amma hadisə ilə bağlı aparılan təhlillər sadəcə formal xarakter daşımamalıdır. Aidiyyəti qurumlar düşünməsinlər ki, elektron sistemə sadəcə nəqliyyat hadisələri ilə bağlı məlumatları yerləşdirməklə işi tamamlayırlar. Dünya təcrübəsində bu məsələyə yanaşma başqa cürdür. Yanaşmalar ondan ibarətdir ki, qəza baş verirsə, hadisənin səbəbləri araşdırılır və qarşısını ala biləcək addımlar atılır. Bu addımlar atılmayacaqsa, elektron məlumat bazasına, təhlillərə ehtiyac yoxdur”. 

E.Muradlı bildirib ki, bəzən qəzaya səbəb olaraq müxtəlif arqumentlər əsas gətirilir:

“Məsələn, sürücü manevr qaydasını pozaraq qəza törətdi və maşın yoldan çıxaraq aşdı. Məntiqlə yanaşanda yol polislərinin də haqlı olduğunu görürük. Sürücünün nə üçün idarəetməni itirməsi aşardırılmalıdır. Sürücü yuxuladısa bunun üçün tədbir görmək lazımdır, yox əgər telefonla danışırdı, yüksək sürətlə hərəkət edirdi və ya başqa problem var idi. Yəni, əsas məsələ hadisənin baş vermə səbəbi aydınlaşandan sonra həll yolları axtarılmalıdır. Maşın ağaca və ya divara dəydisə, bunun niyə baş verməsi araşdırılmalıdır. Qəza baş verən yerdə işlər görülməlidir, ekspertiza aparılmalıdır. Problem ağacdırsa, ağacı kəsib atmaq lazımdır. Yol hərəkətinin təşkilində problem varsa, bunu aradan qaldırmaq lazımdır ki, maşın gedib ağaca dəyməsin. Yoxsa məlumat bazası yaradıb məlumatları ora yerləşdirməklə iş həll olunmur. 



“Gedib yolu qazmaq lazımdır ki, sürücülər yuxulamasın?”


Neçə dəfələrlə təklif vermişəm və dəvət etmişəm ki, gedib yol-nəqliyyat hadisələrinə səbəb olan bir çox yerlərə baş çəkək. Həmin ərazilər böyük təhlükələrə səbəb olur. Məsələn, Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsi, Prezident iqamətgahının qarşısında demək olar ki, hər gün qəza baş verir. Səbəb də məlumdur. Amma gedib hadisəni təhlil edib qarşısını almaq üçün tədbir görülmür. Rəşid Behbudov və 28 May küçəsində də belə təhülkəli ərazilər var. Problemli ərazilərimiz çoxdur. Bakı-Qazax yolu da olduqca təhlükəlidir. Bəzən sürücülər zaraftala deyirlər ki, “yol o qədər hamardır ki, adam sükan arxasında yuxulayır”. Onda belə çıxır ki, gedib yolu qazmaq lazımdır ki, sürücülər yuxulamasın? Bu məsələnin həlli üçün ciddi tədqiqatlar aparılmalı və poblemin həll yolu tapılmalıdır”.