Professor telejurnalistlə razılaşmır: “Aparıcı Təbrizə də salam göndərə bilər, Vaşinqtona, Moskvaya da...”

Tanınmış jurnalist və teleaparıcı Kamran Həsənli maraqlı təkliflə çıxış edib. Aparıcı bütün həmkarlarına xitab edərək bildirib ki, hər verilişin sonunda “Təbrizə salam, Tanrı Bütöv Azərbaycanı qorusun” ifadələri ilə vidalaşsınlar. K.Həsənli bu ifadələrin şüara çevrilməsinin olduqca vacib olduğunu söyləyib. 

Qeyd edək ki, tanınmış aparıcı “Space” telekanalında təqdim etdiyi “Onda Başladıq” verilişini sözügedən ifadələrlə sonlandırır. Teleaparıcının məlum çağırışı ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkədə aparıcının çağırışına dəstək verənlərin sayı kifayət qədər çox olub. Ancaq qarşı çıxanlar da diqqətdən qaçmayıb. 

Narazılıq bildirənlər iddia ediblər ki, sözügedən ifadələrin hər gün efirdə təkrarlanması İran-Azərbaycan əməkdaşlığına, qonşuluq münasibətlərinə mənfi təsir göstərə bilər. O cümlədən, İrana qarşı “ərazi iddiası” kimi dəyərləndirilə bilər. 

Məsələni Sherg.az-a dəyərləndirən tanınmış telejurnalist, professor Qulu Məhərrəmlinin fikrincə, Kamran Həsənlinin çağırışını bu qədər şişirtməyə, dərinləşdirməyə ehtiyac yoxdur. 

Professorun sözlərinə görə, şəxsiyyətindən və təqdim etdiyi verilişin xarakterindən asılı olaraq istənilən aparıcı özünəməxsus tərzdə tamaşaçılarla vidalaşa bilər: 

“Buna normal yanaşmaq lazımdır. Aparıcı Təbrizə də salam göndərə bilər, Vaşinqtona, Moskvaya da. Yəni Cənubi Azərbaycandan danışan şəxsin hər vilayətə salam göndərmək ixtiyarı var. Bunu bir tərzə və ya kampaniyaya çevirmək keçici xarakter daşıyır. Məsələ ondadır ki, son günlər baş verən hadisələr kontekstində bu ifadələrin gündəmə gətirilməsi müəyyən həssaslıq yaradır. Ona görə də aparıcının sözləri iri planda gündəmə gətirilir və fərqli fikirlər səsləndirilir. Ancaq düşünürəm ki, bu, keçici məsələdir. Dərin müzakirələr aparmağın mənası yoxdur”.  

Q.Məhərrəmli vurğulayıb ki, Cənubi Azərbaycanla bağlı mövzulara həmişə diqqətlə yanaşılıb: 

“Bununla bağlı müxtəlif proqramlar hazırlayırıq. Mediamız da bu məsələyə kifayət qədər həssas yanaşır və problemləri gündəmə saxlayır. Sadəcə belə məsələləri emosional şəkildə deyil, ağılla, dərk edilmiş formada qəbul etmək lazımdır”.