Dövlət Komitəsi Nərminin qətli ilə bağlı məlumat yaydı - ARAŞDIRILIR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən 10 yaşlı Nərmin Quliyeva ilə bağlı məlumat yayıb.

Komitədən bildirilib ki, hazırda məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar tərəfindən araşdırılma aparılır:

“Bildirmək istəyirik ki, hadisə ilə bağlı bütün lazımi və təxirəsalınmaz tədbirlər görüləcək, cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, eləcədə cinayətkarın öz layiqli cəzasını alması üçün bütün addımlar atılacaq.

Baş vermiş hadisə bir daha valideynlərin yetkinlik yaşına çatmayan uşaqları ilə münasibətdə daha da məsuliyyətli olmasının vacibliyini ortaya çıxardır. Komitə valideyn məsuliyyətini bir daha vurğulayaraq, valideynlərə uşaqlara nəzarətin artırılmasını, onlarla mümkün qədər çox ünsiyyətdə olmalarını, övladlarının davranışlarını daim nəzarətdə saxlamalarını, eyni zamanda valideynlərə öz uşaqlarına qarşı məsuliyyətli, həssas və qayğılı olmalarını tövsiyə edir”.

“Bir daha qeyd edirik ki, uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən zorakılığı törədənlər mütləq şəkildə məsuliyyətə cəlb ediləcək”, - deyə qurumdan qeyd edilib.